“Eurasia Airshow-2020”də 400-dən çox şirkət iştirak edəcək

“Eurasia Airshow-2020”də 400-dən çox şirkət iştirak edəcək

Bu gün 2020-ci ilin 22-26 aprel tarixlərində Türkiyənin Antaliya şəhərində təşkil olunacaq “Eurasia Air Show-2020” beynəlxalq aviasiya sərgisi və şousu ilə bağlı mətbuat konfransı keçirilib.

“AzeriDefence”nin məlumatına görə, mətbuat konfransında “Eurasia Air Show-2020” sərgisində iştirak edəcək ölkələr, nümayiş etdiriləcək aviasiya vasitələri, planlaşdırılan uçuş şouları haqqında açıqlama verilib. Bildirilib ki, sərgidə ABŞ, Rusiya, Fransa, Pakistan, BƏƏ, Qətər, Qazaxıstan, Çexiya, Ukrayna, Polşa, İtaliya, Çin, Böyük Britaniya, Braziliya, Azərbaycan və s. ölkələr iştirak edəcək.

Sərgidə 100-dən çox təyyarə nümayiş olunacaq. Bunlar arasında F-16 “Falcon”, F-18 “Hornet”, JF17 “Thunder”, Su-35, “Airbus” A350-1000, “Boeing” C17, A400 M, C 130 “Hercules”, MC21 , “Embraer” E195-E2 , “Sukhoi”, “Boeing” 777- 300, “Bombardier  Dash 8” , “Ilyushin” II-76, “Gulfstream 650” tipli tanınmış hərbi təyyarələr yer alacaq. Həmçinin “Eurasia Air Show-2020”də “Eurofighther” və “Tempest” 6-cı nəsil döyüş təyyarələrinin sərgilənməsinin təsdiq olunmasının gözləndiyi bildirilib. Bundan başqa sərgidə “Eurocopter”, “Sikorsky” S-70, Mi-38, “Ansat” və T-129 ATAK helikopterləri nümayiş etdiriləcək.

Sərgidə 400 istehsalçı şirkətin, 45 mindən artıq alıcı ziyarətçinin, 170 mindən çox digər ziyarətçinin, habelə sərgi çərçivəsində müxtəlif ölkələrdən 130-dan çox rəsmi nümayəndə heyətinin iştirakı gözlənilir.

“Eurasia Air Show-2020”də fərqli yeniliklərdən biri də kosmos məhsulları üçün sərgi ərazisində ayrıca bölmənin olmasıdır. “Global Satelite” və “Space Show”un beşincisinin də sərgidə yer alacağı bildirilib.

“Eurasia Air Show-2020”də həmçinin “Meet the buyer” (“Alıcı ilə tanış ol”) proqramı çərçivəsində müdafiə, aviasiya, kosmik, MRO, aviaşirkətlər və yerüstü xidmət sahəsindəki şirkətlərin təmsilçiləri alıcı qrumların nümayəndələri ilə görüşə biləcəklər. 30 fərqli ölkədən satınalma təşkilatların iştirakı ilə bu proqram çərçivəsində 3000 ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, AZERİ DEFENCE jurnalı “Eurasia Air Show” beynəlxalq aviasiya sərgisinin rəsmi media tərəfdaşıdır.

CATEGORIES
TAGS