F-15EX “Eagle II” ABŞ-nin müvəqqəti qırıcısına çevrilib

F-15EX “Eagle II” ABŞ-nin müvəqqəti qırıcısına çevrilib

Dördüncü nəsil F-15EX “Eagle II” qırıcısı ABŞ Hərbi Hava Qüvvələrində (HHQ) beşinci nəsil F-22 “Raptor” və F-35 “Lightning II” təyyarələrinin çatışmazlığını kompensasiya edəcək müvəqqəti həll yoluna çevrilib.

“Poliqon” “The National Interest” nəşrinə istinadən xəbər verir ki, ixrac modifikasiyalarından və texnologiyadakı irəliləyişlərdən əldə edilən dərslərlə dəstəklənən bu modernləşdirmə səyi, məhdud F-22 tədarükü və F-35 proqramındakı gecikmələr nəticəsində yaranan qırıcı çatışmazlığını həll edir.

F-15EX “Eagle II” qırıcısı Qətər üçün yaradılmış F-15QA “Ababil” təyyarəsinin ixrac versiyası bazasında hazırlanıb. Qırıcı baza F-15E “Strike Eagle” təyyarəsindən yenidən işlənmiş qanad konstruksiyası və 20 min saata qədər artırılmış xidmət müddəti ilə fərqlənir. Təyyarə həmçinin 2,5 Mach-a (2655 km/saata) qədər maksimal sürət və təxminən 1300 kilometr döyüş radiusunu təmin edən General Electric F110-GE-129 mühərrikləri ilə təchiz edilib.

Qırıcının işçi tavanı 18 288 metrə çatır. Böyük və güclü turbopərvanəli mühərrikləri sayəsində F-15EX təyyarəsi saniyədə 250 metr sürətlə yüksəkliyə qalxa bilir. Təyyarənin gövdəsi +9G yüklənmə üçün nəzərdə tutulub.

Yeni mühərrik eyni zamanda 12 ədədə qədər “hava-hava” sinif raketi daşıya bilən təyyarənin döyüş yükünü artırmağa imkan verib. Təyyarənin maksimal qalxma kütləsi 36,7 tondur.

F-15EX “Eagle II” təyyarəsinin yenilənmiş bort avadanlığı pilotların məlumatlılığını yaxşılaşdırmaq üçün təyyarənin sensorlarından gələn məlumatları sürətlə emal edən “Advanced Display Core Processor II” kompüteri tərəfindən idarə olunur.

Bildirilir ki, yenilənmiş təyyarənin imkanları genişlənib. Lakin ABŞ HHQ-nin mütəxəssisləri hesab edirlər ki, 2020-ci illərin sonuna qədər F-15EX müasir təhlükələrə qarşı həssas olacaq. Buna görə də yaradıcılar ümid edirlər ki, qırıcı ABŞ hava məkanını qorumaq üçün Milli Qvardiyanın bölmələrində istifadə olunacaq.

F-15EX “Eagle II” təyyarəsinin heyəti bir və ya iki nəfərdən ibarətdir – bir pilot və arxa oturacaqda silah sistemləri üzrə bir zabit.

Xatırladaq ki, keçən ilin noyabr ayında məlum olub ki, “Boeing” şirkəti yeni F-15EX “Eagle II” qırıcısını ABŞ HHQ-nə ilkin nəzərdə tutulduğundan təxminən bir il gec təhvil verməyi planlaşdırır.

Əhəd Vahidoğlu

CATEGORIES
TAGS