FHN-in Akademiyasında hərbi andiçmə və buraxılış mərasimi keçirilib

FHN-in Akademiyasında hərbi andiçmə və buraxılış mərasimi keçirilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş hərbi andiçmə və buraxılış mərasimi keçirilib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, mərasimdə fövqəladə hallar nazirinin müavinləri – tibb xidməti general-leytenantı Faiq Tağı-zadə və general-leytenant Etibar Mirzəyev, Nazirliyin məsul vəzifəli şəxsləri, Akademiyanın müəllim və professor heyəti, FHN-in Vətən müharibəsində döyüşmüş əməkdaşları, ölkədə fəaliyyət göstərən ali təhsil ocaqlarının rəhbərliyi, FHN Akademiyasının kursantları və onların valideynləri iştirak ediblər.

Sonra Fövqəladə Hallar Nazirliyinin Akademiyasına yeni qəbul olmuş kursantlar hərbi and içiblər.

Mərasimdə çıxış edən nazir müavini Etibar Mirzəyev fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun adından tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edib. E.Mirzəyev kursantlara təhsildə və xidmətdə uğurlar arzulayıb.

Akademiyanın rəisi general-mayor Baba Salayev çıxışında mərasim iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edib, tarixi Zəfərdən danışıb.

Daha sonra Vətən müharibəsi qazisi, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan kapitanı Toğrul Məmmədov, Vətən müharibəsi iştirakçısı, FHN-in Statistika və informasiya texnologiyaları idarəsinin rəis müavini Fəxri Ağayev və kursant valideyni Xəyyam Hüseynzadə çıxış edərək mərasim iştirakçılarını Zəfər Günü münasibətilə təbrik ediblər.

Tədbir Fövqəladə Hallar Nazirliyinin müvafiq əmri ilə “leytenant” hərbi və xüsusi rütbələri verilmiş məzunlara diplomların təqdim olunması ilə davam etdirilib. Akademiyanı əla qiymətlərlə bitirmiş məzun leytenant Rafiq Sadıqov Akademiya məzunlarının buraxılış rəmzi olan xatirə lövhəsini “Yaş kötüyü”nə vuraraq məzun yoldaşları adından and içib. Məzunlar Akademiyanın bayrağı ilə vidalaşaraq onu IV kurs kursantlarına təhvil veriblər.

FHN-in Akademiyasının bayrağı altında şəxsi heyətin keçidi ilə mərasimin rəsmi hissəsi başa çatıb.

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş