FHN-in Mülki Müdafiə Qoşunlarında andiçmə mərasimi keçirilib

FHN-in Mülki Müdafiə Qoşunlarında andiçmə mərasimi keçirilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının “N” saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

FHN-in Mətbuat Xidmətindən “Poliqon”a  verilən məluma görə, əvvəlcə, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra andiçmə mərasimində çıxış edənlər Mülki Müdafiə Qoşunlarının heyəti sıralarına daxil olan gənc əsgərləri andiçmə mərasimi münasibətilə təbrik ediblər.

Diqqətə çatdırılıb ki, Ümummilli Liderin ölkəmizin güclənməsi və çiçəklənməsi, xalqımızın rifahı istiqamətində yürütdüyü müdrik siyasət Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz Müzəffər Ali Baş Komandanın bu tarixi missiyanı davam etdirməsinin nəticəsidir ki, Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı əzəli torpaqlarımız şanlı Ordumuz tərəfindən cəmi 44 gün ərzində azad olundu, 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi.

Çıxışlarda qeyd olunub ki, Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti nəinki ölkəmizdə, eləcə də ölkəmizin sərhədlərindən kənarda baş verən təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında fədakarlıqla xidmət göstərir.

Mərasimdə çıxış edən gənc əsgər Sultan Qəribov əsgər yoldaşları adından əsgəri borcu şərəflə yerinə yetirəcəklərinə, baş verə biləcək fövqəladə hallar zamanı zərərçəkmişlərin xilas edilməsi üçün əllərindən gələni əsirgəməyəcəklərinə, verilən tapşırıqları sözsüz yerinə yetirəcəklərinə, Vətənə və dövlətə sədaqətlə xidmət edəcəklərinə söz verib.

Gənc əsgər valideyni, Vətən müharibəsi şəhidi Muxtar Qasımlının atası Əli Qasımov çıxışında bu günün valideynlər üçün çox qürurlu olduğunu qeyd edərək, övladlarının Vətənə layiqli xidmət göstərməsi üçün hazırlanmasında zəhməti olan hər kəsə öz minnətdarlığını bildirib.

Hərbi andı qəbul edən gənc əsgərlər Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü, müstəqilliyini qanları və canları bahasına qoruyacaqlarına, Vətənimizə, xalqımıza layiqli əsgər olacaqlarına and içiblər.

Mərasim şəxsi heyətin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.

17077349611550027456 1200x630

1707734961287488615 1200x630

17077349614015515292 1200x630

 

CATEGORIES
TAGS