Filippin Polşadan əlavə S-70i “Black Hawk” helikopterləri alacaq
Filippin Hərbi Hava Qüvvələri (HHQ) Polşadan əlavə 32 ədəd S-70i “Black Hawk” çoxməqsədli helikopteri alacaq.
“Poliqon” xəbər verir ki, bu barədə Filippin müdafiə naziri Delfin Lorenzana bildirib.
2021-ci il dekabrın əvvəlində Filippin hökuməti 32 ədəd əlavə S-70i “Black Hawks” helikopterin alınması üçün 637 milyon ABŞ dolları vəsait ayırıb.
Bundan əvvəl, 2019-cu ilin aprelində Filippin Müdafiə Nazirliyi Polşa ilə hökumətlərarası saziş çərçivəsində “Sikorsky” şirkəti tərəfindən hazırlanan 16 ədəd S-70i “Black Hawk” çoxməqsədli helikopterinin tədarükü üçün 241,5 milyon ABŞ dolları dəyərində alqı-satqı müqaviləsi imzalayıb. İlk 6 ədəd S-70i “Black Hawk” helikopteri 2020-ci ilin noyabrında, 5 ədədi 2021-ci il oktyabrının 13-də, sonuncu 5 ədəd isə ötən ilin dekabrında Filippinə təhvil verilib.
Qeyd edək ki, birinci partiyada alınmış 6 ədəd S-70i “Black Hawk” helikopterindən biri Filippində 2021-ci il iyunun 24-də gecə təlimi zamanı qəzaya uğrayıb.
Rizvan Fikrətoğlu