Filippin SPYDER ZRK və C295W nəqliyyat təyyarəsi alıb

Filippin SPYDER ZRK və C295W nəqliyyat təyyarəsi alıb

Filippin Hərbi Hava Qüvvələri (HHQ) İsrailin “Rafael Advanced Defense Systems” (“Rafael”) şirkəti tərəfindən tədarük edilən “Python” və “Derby” “yer-hava” sinif raketli SPYDER zenit-raket komplekslərini təhvil alıb.

“Poliqon” “Asia Pacific Defence Journal”a istinadən xəbər verir ki, Filippin HHQ həmçinin “Airbus Defence & Space” şirkətindən sifariş etdiyi ikinci C-295W orta taktiki nəqliyyat təyyarəsini qəbul edib.

“SPYDER” ZRK Filippin HHQ-nin Yerüstü Hava Hücumundan Müdafiə Sisteminin (Ground Based Air Defense System – GBADS) alınması layihəsi çərçivəsində, Airbus C-295W təyyarəsi isə Filippin HHQ-nin Orta Nəqliyyat Təyyarələrinin (Medium Transport Aircraft – MTA) alınması proqramı çərçivəsində əldə edilib.

Qeyd olunur ki, hər iki layihə 2018-ci ildən 2022-ci ilə qədər modernləşdirmə proqramının “Horizon 2” mərhələsinin bir hissəsi kimi proqramlaşdırılıb.

Filipoin HHQ Aviasiya bazasında keçirilən silahların və təyyarənin təhvil verilməsi mərasimində Filippin prezidenti kiçik Ferdinand R.Markos (Ferdinand R Marcos Jr), Filippin HHQ komandanı general-leytenant Konnor Entoni Kanlas (Connor Anthony Canlas), digər hərbi və müdafiə rəsmiləri, İsrailin Filippindəki səfiri İlan Flus (Ilan Fluss) iştirak edib.

Filippin üçün “SPYDER-MR” variantı “SPYDER Philippines Air Defense System” (SPADS) adlanır. Burada başqa bir müşahidə və atəşi idarəetmə radarından istifadə olunur. Hər batareyada 3 buraxma qurğusu var.

“MaxDefense Philippines” hərbi səhifəsinə görə isə, bu ZRK-dəki radar İsrailin IAI “Elta” şirkətinin həm raket əleyhinə artilleriya (C-RAM) kimi, həm də hava hücumundan müdafiə üçün istifadə edilə bilən EL/M-2138M Green Rock Gallium Nitride (GaN) radarının və EL/ M-2106 ATAR 3D yerüstü hava hücumundan müdafiə radarının kombinasiyasından ibarət ola bilər.

SPADS ZRK, yerüstü şaquli buraxma qurğularından uzun mənzilli və təkmil buraxılış sürətli “I-Derby-MR” raketindən istifadə edir.

Bildirilir ki, Filippin HHQ artıq iki batareya alıb və yəqin ki, 2023-cü ilə qədər başqa bir batareyanı da gözləyir.

Hazırda “SPYDER-MR” ZRK ölkənin ən təkmil hava hücumundan müdafiə sistemidir. O, 960-cı zenit və raket əleyhinə müdafiə qrupunun silahlanmasına daxil edilib.

Bu arada, ikinci Airbus C-295W nəqliyyat təyyarəsi Filippin HHQ-nin artıq dörd köhnə C-295M və bu ilin əvvəlində təhvil verilmiş bir Airbus C-295W təyyarəsini istismar edən 220-ci hava-nəqliyyat qanadına qoşulacaq. Tezliklə üçüncü C-295W təyyarəsinin də “Airbus” şirkəti tərəfindən çatdırılacağı gözlənilir. Təyyarə artıq İspaniyada yerüstü sınaqlardan keçirilir.

“Spyder” (Surface-to-Air PYton and DERby) ZRK, zərbə təyyarələrini, bombardmançıları, qanadlı raketləri, PUA-ları və yüksək dəqiqlikli aviasiya silahlarını aşkar və məhv etmək üçün təyin edilmiş, hər cür hava şəraitində fəaliyyət göstərən qısa mənzilli mobil zenit-raket kompleksidir.

Kompleks, aviasiya və dəniz bazaları, komanda məntəqələri, rabitə qovşaqları və s. kimi strateji obyektləri qorumaq üçün istifadə edilə bilər.

Standart kompleksin batareya tərkibinə daxildir: 6×6 təkər formullu yüksək keçidlikli “Tatra” təkərli şassisi üzərində quraşdırılmış buraxma qurğusu – 6 ədəd; nəqletmə-doldurma maşınları – 6 ədəd; kəşfiyyat və idarəetmə məntəqəsi – 1 ədəd; 35 km-ə qədər məsafədə 60 hədəfi aşkarlaya və izləyə bilən EL/M-2106NG radiolokasiya stansiyası – 1 ədəd; zenit idarə olunan raketlər – “Derby” (24 ədəd) və “Python 5” (24 ədəd):

– “Derbi” – hədəfi məhvetmə məsafəsi 35 km-ə qədər, hədəfi məhvetmə hündürlüyü 20 m-dən 16 km-ə qədər təşkil edir. Aktiv radiolokasiya özütuşlama başlığı və qəlpəli-fuqas döyüş hissəsi ilə təchiz edilib.

– “Python 5” – hədəfi məhvetmə məsafəsi 20 km-ə qədər, hədəfi məhvetmə hündürlüyü 20 m-dən 9 km-ə qədər təşkil edir. İnfraqırmızı özütuşlama başlığı ilə təchiz edilib.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS