Finlandiya CV90 PDM parkını təkmilləşdirir
Finlandiya CV90 (Stridsfordon 90 və ya Combat Vehicle 90) piyadanın döyüş maşının (PDM) imkanlarını 2030-cu ilə qədər genişləndirmək məqsədi ilə onları təkmilləşdirir. Bundan ötrü “BAE Systems” şirkəti Finlandiya Müdafiə Nazirliyi ilə müvafiq müqavilə imzalayıb.
“Poliqon” xəbər verir ki, bu barədə “BAE Systems” şirkətinin mətbuat xidməti məlumat yayıb.
Müxtəlif opsiyalarla birlikdə dəyəri 32 milyon ABŞ dollarına qədər olan müqavilə, gələcəkdə döyüş meydanındakı döyüş maşınlarının döyüş effektivliyini artırmaq üçün ortalama ömrü uzatma proqramını əhatə edir.
İlk növbədə CV9030FIN prototipləri və sınaq seriyasının döyüş maşınları təkmilləşdiriləcək, qalan həyat dövrünü yeniləmə işləri isə 2022-2026 -cı illərdə həyata keçiriləcək.
Təkmilləşdirmə proqramı döyüş maşınlarının 2030-cu ilə qədər işləməsini təmin edəcək. Eyni zamanda, son nəticədə, ömrünün son mərhələsində xidmət müddətinin ortasında maşınların daha geniş təkmilləşdirilməsinə imkan verəcəkdir.
2000-ci ildə Finlandiya Quru Qoşunları (Suomen maavoimat) TA2000 proqramının tələblərinə cavab verməkdən ötrü CV9030 PDM-ini seçib.
CV9030FIN PDM, hərbi bölmələrin əməliyyat ehtiyaclarını ödəmək üçün xüsusi olaraq hazırlanmışdır. Əsas silahlanmasına ABŞ-ın “ATK Gun Systems” şirkəti tərəfindən istehsal edilmiş 30×173 mm çaplı MK 44 “Bushmaster” avtomatik topu və qoşalaşdırılmış 7,62 mm-lik Ksp m/39 pulemyotu daxildir.
CV90 PDM istehsalının əsas podratçısı, Finlandiyanın “Patria” və İsveçin “BAE Systems Hägglunds” şirkətlərinin birgə sahibi olduğu “Patria Hägglunds” Finlandiya-İsveç şirkəti idi. Şassi “BAE Systems Hägglunds” şirkəti tərəfindən təmin edilmişdir. Qüllə isə, öz növbəsində, hazırda “Patria Land & Armament” adlanan şirkət tərəfindən Finlandiyada istehsal edilib.
Finlandiya (102 ədəd), yeddi CV90 PDM istifadəçisi ölkələrdən biridir. Digər ölkələr isə Danimarka (45 ədəd), Estoniya (44 ədəd), Norveç (104 ədəd), İsveç (549 ədəd), İsveçrə (186 ədəd) və Niderlanddır (193 ədəd). Müxtəlif variantlarda təxminən 1300 ədəd CV90 PDM ilə, döyüş maşını sübut edilmiş döyüş təcrübəsinə malikdir və dəyişməkdə olan tapşırıqları yerinə yetrimək üçün gələcək inkişafı nəzərə alaraq layihələndirilib.
Maşının əsas göstəricilər:
– uzunluğu – 6,63 m
– eni – 3,20 m
– hündürlüyü – 2,85 m
– döyüş vəziyyətində kütləsi – 26,9 ton
– şossedə maksimal hərəkət sürəti – 65 km/saat
– şossedə yanacaq üzrə gediş ehtiyatı – 320 km
– mühərriki – Scania DI 16 41 A019 dizel mühərriki
– mühərrikin həcmi – 15,8 litr
– mühərrikin gücü – 550 at gücü
– heyəti – 3 nəfər + 8 nəfər desant
Əhəd Əzizov