Finlandiya F-35 qırıcılarının alınması barədə müqaviləni imzalayıb
Finlandiya Ordusu beşinci nəsil F-35 qırıcıları ilə silahlanacaq.
“Poliqon” Finlandiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Helsinkidə Finlandiyanın müdafiə naziri Antti Kaykkönen və ABŞ-ın “Lockheed Martin” korporasiyasının nümayəndələri F-35 qırıcılarının tədarükü ilə bağlı müqavilə imzalayıblar.
Ötən il dekabr ayının 10-da Finlandiya Müdafiə Nazirliyi yeni döyüş təyyarələrinin alınması üçün keçirilən tenderdə F-35 qırıcılarının seçildiyini rəsmən elan edib (həmçinin bax: Finlandiya Ordusunun aviasiya parkı F-35 qırıcıları ilə gücləndiriləcək). Dəyəri 8,37 milyard avro (9,44 milyard ABŞ dolları) olan müqaviləyə əsasən, Finlandiya Hərbi Hava Qüvvələri (HHQ) tam xidmət və silah çeşidinə malik 64 ədəd F-35 qırıcısı alacaq. Qırıcıların tədarükü 2025-ci ildə başlayacaq. Yeni F-35 qırıcıları silahlanmada olan F/A-18C/D təyyarələrini tədricən əvəz edəcək.
Qeyd edilir ki, müqavilədə göstərilən xərcin yalnız 4,7 milyard avrosu təyyarələrin birbaşa alınmasına gedəcək. 754,6 milyon avro “hava-hava” sinif AIM-120 AMRAAM (Advanced Medium-Range Air-to-Air Missile) və AIM-9 “Sidewinder” aviasiya idarə olunan raketləri üçün ayrılıb. Qalan 2,92 milyard avro isə texniki xidməti, avadanlığı və ehtiyat hissələri əhatə edir.
Xatırlatmaq lazımdır ki, Finlandiya Müdafiə Nazirliyinin keçirdiyi tenderdə F-35 qırıcılarından başqa, “Boeing F/A-18E/F Super Hornet”, “Dassault Aviation Rafale”, “Eurofighter Typhoon” və “Saab Gripen E” döyüş təyyarələri də iştirak edib (həmçinin bax: Finlandiya HHQ 60 ədəd döyüş təyyarəsi alacaq).
Əhəd Əzizov