Finlandiya Fransadan BONUS MK II atəş yığımları sifariş edib

Finlandiya Fransadan BONUS MK II atəş yığımları sifariş edib

Finlandiya Müdafiə Qüvvələri Fransanın “Nexter” şirkətindən yüksək dəqiqlikli 155 mm çaplı BONUS MK II döyüş sursatı sifariş edib.

“Poliqon” xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, döyüş sursatları Fransanın “Nexter Munitions” şirkəti tərəfindən tədarük ediləcək. Alışın ümumi dəyəri təxminən 35 milyon avrodur.

BONUS MK II atəş yığımı uzun məsafələrdə zirehli maşınlara dolayı ziyan vurmaq üçün təyin edilib. Mərmi zirehli texnikaları yuxarı hissədən vurmaq üçün layihələndirilib. BONUS MK II özündə kumulyativ döyüş elementləri olan kasset döyüş başlıqlarını ehtiva edir.

Mərmi 155 mm-lik uzun mənzilli artilleriya sistemlərinə düşmənin zirehli transportyorlarından və özüyeriyən artilleriya qurğularından tutmuş piyadaların döyüş maşınlarına və əsas döyüş tanklarına qədər müxtəlif çeşidli döyüş texnikasını məhv etmək qabiliyyətini təmin edir.

Tətbiqi:

  • mərmi həmişə olduğu kimi eyni şəkildə atılır;
  • mərmi havada adi ballistik trayektoriya üzrə uçur;
  • trayektoriyanın müəyyən hissəsində xüsusi mexanizm döyüş elementlərini konteynerdən ayırır;
  • konteynerdən ayrılan döyüş elementləri aşağı düşür;
  • döyüş elementləri uçuşda sabitləşmə və yavaşlama üçün öz-özünə fırlanır;
  • tank əleyhinə döyüş elementləri hədəfləri tapmaq və onları məhv etmək üçün xüsusi mexanizmlərdən istifadə edir.

BONUS mərmisinin işləmə prinsipi ondan ibarətdir ki, uçuş zamanı o, hələ havada olarkən hədəfi aşkarlayan və hücum edən iki döyüş elementinə (subsursata) bölünür. Döyüş elementlərinin hər birinin çəkisi 6,5 kq, diametri 138 mm-dir və əsas döyüş tanklarına qarşı istifadə üçün yüksək nüfuzetmə qabiliyyətinə malik EFP döyüş başlığına (100 mm qalınlığa qədər zirehləri dələ bilən) sahibdir.

BONUS MK II atəş yığımı mövcud 155 mm-lik artilleriya silahlarının əksəriyyətinə uyğun gəlir və adi mərmi kimi atılır.

İstehsalçının bildirməsinə görə, atəşdən sonra mərmi müstəqil şəkildə 32 kilometr radiusda hədəfləri axtarır, müşayiət edir və vurur.

Sursat həmçinin lülə uzunluğu 52 çap (L52) olan NATO silahlarından atəş açarkən maksimal istifadə məsafəsini 35 kilometrə qədər artıran konstruksiyaya malikdir.

155 mm-lik BONUS MK II atəş yığımı, İsveçin “Bofors” (hazırda “BAE System” şirkətinin tərkibinə daxildir) və Fransanın “Nexter” şirkətləri tərəfindən birgə hazırlanmış “atdın-unutdun” prinsipi ilə işləyən artilleriya sursatıdır.

Onun kütləvi istehsalına 1992-ci ildə başlanılıb və indiyədək onlardan yalnız dünyanın bir neçə ölkəsi, o cümlədən Fransa, İsveç, Finlandiya, Norveç, ABŞ və Ukrayna istifadə edir.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS