Finlandiya İsraildən ZRK alacaq

Finlandiya İsraildən ZRK alacaq

Finlandiya İsraildən zenit raket kompleksləri (ZRK) almaq istəyir.

“Poliqon” xəbər verir ki, Finlandiya yeni ZRK almaq üçün İsrailin “Aerospace Industries” (IAI) və “Rafael Advanced Defense Systems” (“Rafael”) şirkətlərinin istehsalı olan hava hücumundan müdafiə sistemləri arasında seçim edəcək.

Finlandiyanın maraq göstərdiyi ZRK-lərdən biri IAI və “Rafael” şirkətlərinin konsorsiumu tərəfindən hazırlanmış SPYDER-dir. “Rafael” şirkəti SPYDER proqramının əsas podratçısı, IAI şirkəti isə subpodratçıdır.

Bu kompleksin qısa mənzilli SPYDER-SR və orta mənzilli SPYDER-MR olmaqla iki variantı mövcuddir. Hər iki ZRK özüyeriyəndi və müxtəlif hava şəraitinə uyğun istifadə olunur. SPYDER-SR EL/M-2106 ATAR radarından istifadə edir, SPYDER-MR isə “Rafael” şirkətinin “Iron Dome” (“Dəmir Günbəz”) hava hücumundan müdafiə sistemində də tətbiq olunana EL/M-2084 MMR radarını özündə birləşdirir.

SPYDER ZRK təyyarələri, helikopterləri, qanadlı raketləri, pilotsuz uçuş aparatlarını və yüksək dəqiqlikli aviasiya silahlarını aşkar və məhv etmək üçün nəzərdə tutulub.

Kompleks “Tatra”, “Mercedes-Benz Actros”, MAN TGS, “Dongfeng” “Scania P” seriyalı kimi yük maşınlarının üzərində quraşdırıla bilir. SPYDER ZRK “Python-5” (hədəfi məhvetmə məsafəsi – 20 km-ə qədər, hədəfi məhvetmə hündürlüyü – 20 m-dən 9 km-ə qədər, infraqırmızı özütuşlama başlığı ilə təchiz olunub) və “Derby” (hədəfi məhvetmə məsafəsi – 35 km, hədəfi məhvetmə hündürlüyü – 20 m-dən 16 km -ə qədər, aktiv radiolokasiya özütuşlama başlığı və qəlpəli-fuqas döyüş başlığı ilə təchiz olunub) raketləri ilə dəstləşdirilir.

Kompleksin tərkibinə kəşfiyyat və idarəetmə məntəqəsi, özüyeriyən buraxma qurğuları (ÖBQ), nəqletmə-doldurma maşınları və EL/M-2106NG radiolokasiya stansiyası daxildir. Bir batareyada 6 ədədə qədər ÖBQ olur.

Qeyd edək ki, Filippinin Büdcə və İdarəetmə İdarəsi (DBM) 2020-ci ildə Hərbi Hava Qüvvələrinin ehtiyaclarını qarşılamaq üçün yerüstü hava hücumundan müdafiə (GBAD) sistemlərinin alınmasına dair maliyyəni təsdiqləyib. DBM tərəfindən GBAD layihəsinə 2.39 milyard PHP (48.4 milyon ABŞ dolları) ayrılıb.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS