Finlandiya Ordusunu “Spike” TƏİR kompleksləri ilə gücləndirir
Finlandiya Silahlı Qüvvələri və “EuroSpike” şirkəti arasında “Spike” tank əleyhinə idarə olunan raket (TƏİR) komplekslərinin alqı-satqısı üçün müqavilə imzalanıb.
“Poliqon” xəbər verir ki, bununla bağlı Almaniyanın “Rheinmetall” şirkəti məlumat yayıb.
Məlumatda müqavilənin tam dəyəri açıqlanmasa da, onun bir neçə milyon avro həcmində olduğu bildirilib.
Qeyd edək ki, “EuroSpike” Almaniyanın “Rheinmetall Electronics”, “Diehl Defence” və İsrailin “Rafael” şirkətinin birgə konsorsiumudur. Şirkət Avropada “Spike” TƏİR komplekslərinin istehsal edilməsi, sifarişçilərə çatdırılması və logistika dəstəyinin göstərilməsi ilə məşğul olur. “EuroSpike” indiyə kimi bir çox Avropa İttifaqı və NATO ölkələrinin sifarişlərini yerinə yetirib.
Xatırladaq ki, Finlandiya Müdafiə Nazirliyi ötən ilin dekabrında “Rafael” şirkətindən 223.6 milyon avro dəyərində “Spike SR”, “Spike LR2” və “Spike ER2” TƏİR komplekslərini satın alacağını açıqlamışdı. Bununla bağlı işlərin isə NATO Dəstək və Satınalma Agentliyi (NSPA) tərəfindən “Land Combat Missiles” (“Quru Döyüş Raketləri”) tərəfdaşlıq proqramı əsasında həyata keçiriləcəyi qeyd olunmuşdu.