Finlandiya Sovet istehsalı snayper tüfənglərini əvəz edir

Finlandiya Sovet istehsalı snayper tüfənglərini əvəz edir

Finlandiya Müdafiə Nazirliyi Sovet istehsalı olan snayper tüfənglərini əvəz etmək üçün yerli “Sako Oy” şirkətinin yeni “Sako” M23 snayper sistemini alır.

“Poliqon” Finlandiya Müdafiə Qüvvələrinin Maddi-Texniki Təminat Departamentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Finlandiyanın müdafiə naziri Antti Kaikonen Müdafiə Qüvvələrinin Maddi-Texniki Təminat Departamentinə Finlandiyanın “Sako Oy” şirkətindən yeni M23 tüfəng sisteminin alınması ilə bağlı müqavilə bağlamaq səlahiyyəti verib.

Müqavilə snayperlərin istifadəsi üçün yarıavtomatik 7.62 TKIV 23 snayper tüfənginin və piyada birləşmələrini dəstək silahı kimi atıcıların (marsmanların) istifadəsi üçün 7.62 KIV 23 tüfəngin alınmasını nəzərdə tutur. Bundan başqa, müqavilə istehsalçı tərəfindən təqdim olunan avadanlığı, ehtiyat hissələrini, texniki xidmət üçün alətləri və təlimi əhatə edir.

Müqavilənin dəyəri əlavə dəyər vergisi (ƏDV) daxil olmaqla 10 milyon avrodan çoxdur və ƏDV-siz olmaqla 525 milyon avro dəyərində əhəmiyyətli seçim imkanı var.

Qeyd etmək lazımdır ki, Finlandiya Ordusunda yeni “Sako” M23 snayper sistemləri Sovet istehsalı 7,62x54R mm çaplı SVD snayper tüfəngini və yerli müdafiə sənayesi müəssisəsində yenidən işlənmiş 7,62x54R mm çaplı “Mosin” snayper tüfənginin 7.62 TKIV 85 variantını əvəz edəcək.

7.62 TKIV 23 (“Sako” M23) snayper tüfəngi yüksək keyfiyyətli “Steiner” M7Xi 2.9–20×50 optik nişangahı ilə təchiz edilib ki, bu da effektiv snayper patronu ilə birlikdə snayperlərə 800 metrədək məsafədə müxtəlif hədəfləri nişan almağa imkan verir.

Daha sadə quruluşa sahib olan 7.62 KIV 23 (“Sako” M23) snayper tüfəngi isə, öz dəstliyinə görə piyada qruplarında dəstəkləyici atıcıların (marksman) istifadəsi üçün nəzərdə tutulub. Silah “Trijicon” VCOG 1–6×24 optik nişangahı ilə 600 metrə qədər dəqiq atışı təmin edir.

“Sako” M23 sistemi 7,62×51 mm NATO çaplı AR10/15 tüfənginə əsaslanır. Yeni silah sisteminin üstünlüklərinə artan atəş gücü və dəqiqlik, yüngüllük və erqonomika, eləcə də geniş çeşidli aksesuarları birləşdirmək imkanı daxildir. Tüfənglərin patronla qidalanması tutumu 20 patron olan qutuvari maqazindən yerinə yetirilir.

Xatırladaq ki, alınmadan əvvəl 2020-2021-ci illərdə “Sako Oy” şirkəti və Finlandiya Müdafiə Qüvvələri arasında silah sisteminin birgə inkişafı həyata keçirilib.

Yeni “Sako” M23 snayper tüfənglərinin Finlandiya Ordusuna ilk tədarükünün 2022-ci ilin sonuna kimi həyata keçirilməsi və snayperlərin yeni sistem üzrə təliminə 2023-cü ildə başlanılması planlaşdırılır.

1 2

7,62x54R mm SVD snayper tüfəngi

2 3

7,62x54R mm 7.62 TKIV 85 snayper tüfəngi

3 2

7,62×51 mm 7.62 KIV 23 (“Sako” M23) snayper tüfəngi

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS