
“Floks” və “Maqnoliya”nın seriyalı istehsalına başlanılacaq
Rusiyanın “Uralvaqonzavod” EİK”Səhmdar Cəmiyyəti “Floks” və “Maqnoliya” özüyeriyən artilleriya qurğularının (ÖAQ) seriyalı istehsalına 2022-ci ilin sonları – 2023-cü ilin əvvəllərində başlayacaq.
“Poliqon” xəbər verir ki, “Uralvaqonzavod” EİK” SC mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, “Floks” və “Maqnoliya” ÖAQ-ların seriyalı istehsalına başlanması dövlət sınaqlarının bitmə vaxtından asılı olacaq.
Əlavə olaraq, yeni silahların sifarişçisi olan Rusiya Müdafiə Nazirliyi tərəfindən də müvafiq qərar qəbul edilməlidir.
120 mm-lik 2S40 “Floks” ÖAQ 6×6 təkər formullu Ural-4320 ordu zirehli avtomobilinin şassisində hazırlanıb. Yeni qurğunun əsas xüsusiyyəti, hər cür hazır yivli minaatan mina və mərmiləri ilə atəş aparılmasını təmin edən kombinələşdirilmiş yarıavtomatik yivli silah olmasıdır. Silah, haubitsa və minaatan kimi ata bilər və düzünə atış üçün də istifadə edilə bilər.
120 mm-lik universal silahla təchiz edilmiş “Maqnoliya” ÖAQ isə zirehli iki bəndli DT-30PM tırtıllı transportyorun şassisi üzərində hazırlanmışdır. “Maqnoliya” ÖAQ Arktikada işləmək üçün nəzərdə tutulub və 120 mm 2S31 “Vena” ÖAQ-ın təkmilləşdirilmiş döyüş bölməsindən istifadə edir.
Əhəd Əzizov