FNSS Türkiyə Ordusuna tank qırıcılarının tədarükünü davam etdirir
Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) Quru Qoşunları Komandanlığı üçün STA (Silah Taşıyıcı Araçlar) layihəsi çərçivəsində FNSS şirkəti tərəfindən istehsal olunan “Kaplan” və “Pars” tanklarla mübarizə (tank qırıcısı) maşınlarının tədarükünü davam etdirir.
“Poliqon” Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 5-də başlayan qəbul müayinələrinin ardından daha 9 ədəd “Kaplan-STA” inventara daxil edilib.
Məlumata əsasən, son təhvil alınan nəqliyyat vasitələrindən 7 ədədi Qaziantepdəki 5-ci Zirehli Briqada Komandanlığına, 2 ədədi isə Kahramanmaraşdakı 2-ci Zirehli Briqada Komandanlığına çatdırılıb. Ümumilikdə layihə çərçivəsində 208 ədəd tırtıllı “Kaplan-STA” və 136 ədəd “Pars-STA”nın tədarük edilməsi hədəflənib.
Hər iki nəqliyyat vasitəsi Türkiyənin ROKETSAN şirkəti tərəfindən istehsal edilən OMTAS və ya Rusiya istehsalı “Kornet” tank əleyhinə raketləri ilə silahlandırıla bilər.
Ballistik və mina qoruması təmin edən “Kaplan-STA”nın şəxsi heyəti 4 nəfərdən ibarətdir. Tank qırıcısının döyüş ağırlığı 17 tondur və onu 360 at gücündəki “Cummings” mühərriki hərəkətə gətirir. “Kaplan-STA”da gücün ağırlığa paylanma nisbətinə əsasən, hər tona 21 at gücü düşür. Bununla da “Kaplan-STA” istifadəçiyə quruda maksimum 65 km/saat, suda isə 6.3 km/saat sürətlə hərəkət etməyə imkan verir.
Elşən Abdulkərimov