FNSS ZAHA zirehli transportyorunu IDEF-2023-də sərgiləyəcək

FNSS ZAHA zirehli transportyorunu IDEF-2023-də sərgiləyəcək

FNSS şirkəti ZAHA (Zırhlı Amfibi Hücum Aracı) zirehli transportyorunu 25-28 iyul tarixlərində Türkiyənin İstanbul şəhərində keçiriləcək IDEF-2023 Beynəlxalq Müdafiə Sənayesi Sərgisində nümayiş etdirəcək.

“Poliqon” xəbər verir ki, hazırda ZAHA zirehli transportyorları Türkiyə Hərbi Dəniz Qüvvələrinin (HDQ) donanmasında yer alan TCG “Anadolu” amfibiya hücum gəmisində xidmət göstərir.

ZAHA, Türkiyə Silahlı Qüvvələrinin amfibiya tipli nəqliyyat vasitəsi ehtiyaclarını qarşılamaq üçün hazırlanıb. Bununla bağlı Türkiyənin Müdafiə Sənayesi Başqanlığı (SSB) və şirkət arasında müqavilə 2017-ci ildə imzalanıb. Həmin müqaviləyə əsasən, SSB-nin FNSS şirkətindən ümumilikdə 27 ədəd ZAHA zirehli transportyoru alması planlaşdırılıb. Şirkət, zirehli transportyorların sifarişçiyə çatdırılması ilə bağlı işlərə cari ilin mart ayından başlayıb.

Amfibiya tipli zirehli transportyor olan ZAHA-nın dənizdə üzmə sürəti 7 knot və quruda hərəkət sürəti 70 km/saat təşkil edir. Zirehli transportyor dizel mühərrikə və tam avtomat transmissiyaya sahibdir. ZAHA, üç nəfər ekipaj üzvü (komandir, sürücü və tuşlayıcı-operator) də daxil olmaqla ümumilikdə 21 personalı daşıya bilir.

İstehsalçının məlumatına görə, yüksək performansa malik ZAHA, 60 faiz meylli dik yamacları, 90 sm hündürlüyündəki maneələri və 2 m dərinliyindəki xəndəkləri asanlıqla aşmaq iqtidarındadır. Zirehli transportyor STANAG 4569 səviyyə ballistik və mina mühafizəsinə sahibdir. O, 12.7 mm-lik pulemyot və 40 mm-lik avtomatik qumbaraatanla təchiz edilən ÇAKA uzaqdan idarə olunan döyüş modulu ilə silahlandırlıb.

Poliqon.az

CATEGORIES
TAGS