Fövqəladə Hallar Nazirliyində kollegiya iclası keçirilib

Fövqəladə Hallar Nazirliyində kollegiya iclası keçirilib

2022-ci il ilin martin 5-də Fövqəladə Hallar Nazirliyində (FHN) nazir general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə geniş Kollegiya iclası keçirilib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, kollegiya iclasında nazir müavinləri, Nazirliyin Aparatının struktur bölmələri və qurumlarının rəhbərləri iştirak edib.

İclasda çıxış edən nazir Kəmaləddin Heydərov Azərbaycan Prezidenti İlham Əliyevin Nazirliyin qarşısında qoyduğu mühüm tapşırıqların icra vəziyyəti barədə ətraflı danışıb. Belə ki, Prezidentin rəhbərliyi ilə Azərbaycanda COVID-19 pandemiyası ilə sistemli və effektli mübarizə aparıldığını qeyd edən nazir ötən dövr ərzində FHN tərəfindən bu istiqamətdə görülmüş işlərə toxunub, infeksiyanın Azərbaycanda geniş yayılmasının qarşısının alınması məqsədilə dövlət başçısının tapşırıqları əsasında aidiyyəti üzrə həyata keçirilmiş preventiv tədbirlərdən bəhs edib.

K.Heydərov Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın bilavasitə diqqət və qayğısı sayəsində Nazirliyin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının qısa müddətdə ərsəyə gəlməsini xəstəliklə mübarizədə atılan mühüm addımlardan olduğunu diqqətə çatdırıb. Hazırda hospital koronaviruslu xəstələrin müalicəsi üzrə uğurlu fəaliyyətini davam etdirir.

Nazir, həmçinin Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycan Ordusu tərəfindən 44 gün davam etmiş Vətən müharibəsində əldə edilmiş tarixi Zəfərdən danışıb, bu qələbə sayəsində Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı əzəli torpaqların azad olunduğunu, ərazi bütövlüyünün bərpa edildiyini xüsusi qeyd edib, Vətən müharibəsində Nazirliyin həyata keçirdiyi tədbirlərə toxunub.

Müharibədən dərhal sonra Prezidentin tapşırıqlarına uyğun olaraq işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə fəaliyyətinə başlanıldığını qeyd edən K.Heydərov FHN-in hazırda minatəmizləmə işlərini sürətlə davam etdirdiyini bildirib. 30 ilə yaxın müddətdə işğal altında saxlanılmış və tamamilə viran qoyulmuş torpaqlarda bu gün misli görünməmiş abadlıq-quruculuq və yenidənqurma işlərinin görüldüyünü xatırladan nazir Qarabağ və Şərqi Zəngəzur ərazisinin hazırda böyük bir tikinti meydanına çevrildiyini, nəhəng infrastruktur layihələrinin icra olunduğunu, yaşayış məntəqələrinin tamamilə yenidən qurulduğunu, sənaye, kənd təsərrüfatı və xidmət sektoruna aid müəssisələrin inşa olunduğunu qeyd edib. Böyük sürətlə icra olunan bu işlərdə aidiyyəti üzrə təhlükəsizliyin, o cümlədən yanğın təhlükəsizliyi, tikintidə, sənaye və dağ-mədən işlərində təhlükəsizliyin, radioloji təhlükəsizliyin təmin olunması istiqamətində Nazirliyin qurumları tərəfindən intensiv iş aparıldığı bildirilib.

Sonra nazir FHN-nin əhali və ərazilərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində cari fəaliyyəti barədə danışıb.

Daha sonra gündəlikdə duran məsələlər üzrə geniş müzakirə aparılıb, işin keyfiyyətinin daha da artırılması üçün müvafiq tapşırıqlar verilib.

a1 1 a2 1 a3 1 a4 1

Poliqon.az

CATEGORIES
TAGS