Fransa istismardan çıxarılan silahları Ukraynaya verir

Fransa istismardan çıxarılan silahları Ukraynaya verir

Fransa Silahlı Qüvvələrinin istismardan çıxarılan silah və texnikası Ukraynaya verilir.

“Poliqon” “varmatin.com” saytına istinadən bildirir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornyu məlumat verib.

Onun sözlərinə görə, silahların ötürülməsi milli təhlükəsizliyə təsir etmir, çünki ötürülən silahlar istismardan çıxarılıb. Bundan başqa, Ukraynanın aldığı silahlar istismardan çıxarılan kateqoriyaya aiddir, çünki eyni AMX-10RC zirehli döyüş maşınları daha müasir EBRC JAGUAR maşınları ilə əvəz olunur.

S.Lekornyu əlavə olaraq qeyd edib ki, Fransa Silahlı Qüvvələrindən təhvil verilən silahlar yaxın vaxtlarda yenilənəcək, çünki ölkə silah istehsalını genişləndirmək üçün böyük investisiyalar ayırır. Fransa 2024-2030-cu illərdə silah istehsalının genişləndirilməsinə və ordunun ümumi gücləndirilməsinə 413 milyard avrodan çox sərmayə qoyacaq. Bu tendensiya davam etdikcə, ölkə öz təhlükəsizliyi üçün narahat olmaya bilər.

Bunlarla yanaşı, nazir vurğulayıb ki, həqiqətən də bəzi artilleriya bölmələri lazımi təlim keçməyib, çünki müəyyən sayda CAESAR özüyeriyən artilleriya qurğuları (ÖAQ) Ukraynaya ötürülüb. Ancaq o xatırladıb ki, hazırda ölkə sözügedən artilleriya sistemlərinin istehsalını genişləndirir və artırır. Bunun üçün yüzdən çox CAESAR ÖAQ-ın alınması barədə sifariş verilib.

Fransa hazırda SCORPION proqramı kimi tanınan quru qoşunlarının geniş miqyaslı modernləşdirilməsi proqramını həyata keçirir və bunun nəticəsində ölkə çoxlu sayda VAB zirehli transportyorlarını istismardan çıxaracaq.

Fransa Ukraynaya təhvil verilən zirehli maşınları əvəz etmək üçün əlavə olaraq 130 ədəd təkərli zirehli maşın sifariş edəcək.

Qeyd edək ki, Ukrayna ilə yanaşı Ermənistan da Fransadan silah və texnika alır. Belə ki, ermənilər fransalı istehsalçılardan iki partiyada olmaqla 50 (24+26) ədəd BASTION zirehli maşını alıb.

Bundan başqa, Ermənistan bu yaxınlarda GM 200 radarlarının alınması ilə bağlı saziş imzalayıb və MISTRAL 3 zenit-raket komplekslərinin tədarükü ilə bağlı danışıqlar aparır.

Həmçinin Fransa Senatı Ermənistanın 155 mm-lik CAESAR təkərli özüyeriyən artilleriya sistemləri ilə təchiz olunması imkanlarının öyrənilməsini təklif edib.

Fransa müdafiə nazirinin sözlərinə görə, ölkəsinin hərbi məktəblərində erməni kursantlar, zabitlər və kiçik zabitlər oxuyacaqlar. Fransa silahları üzrə  təlimlər də Fransa tərəfindən aparılacaq.

Xatırladaq ki, Fransa və Ermənistan 2023-cü ilin oktyabrında silah tədarükü və hərbi yardım haqqında saziş imzalayıblar.

Əhəd Vahidoğlu

CATEGORIES