Fransa İsveçdən “GlobalEye” AEW&C təyyarələri almaq niyyətindədir

Fransa İsveçdən “GlobalEye” AEW&C təyyarələri almaq niyyətindədir

“Paris Air Show-2025” aviasiya sərgisində İsveçin “Saab” və Fransanın Müdafiə Satınalmaları İdarəsi (DGA) arasında “GlobalEye” havadan erkən xəbərdarlıq və nəzarət təyyarələrinin (AEW&C – Airborne Early Warning and Control) satın alınması ilə bağlı birgə niyyət bəyanatı imzalanıb.

“Poliqon” “Saab”a istinadən xəbər verir ki, sözügedən bəyanata təyyarələrin tədarükü ilə yanaşı, yerüstü avadanlıq, təlim və texniki dəstək də daxildir.

Bu birgə niyyət bəyanatına əsasən, DGA, “Saab”dan iki ədəd “GlobalEye” təyyarəsi almaq niyyətindədir. Bəyanatda DGA-nın əlavə iki təyyarəni almaq üçün seçim hüququ da nəzərdə tutulub.

Hazırda bu satınalma prosesini yekunlaşdırmaq üçün rəsmi bildiriş mərhələsi başlayacaq. DGA bildirib ki, müqavilənin yaxın aylarda tamamlanması gözlənilir. Tərəflər hələlik müqavilə imzalamayıblar və “Saab” şirkəti rəsmi Parisdən “GlobalEye” üçün sifariş qəbul etməyib.

“Saab” istehsalı olan “GlobalEye” hava, dəniz və qurudakı hədəflərin uzun məsafədən aşkarlanmasını və identifikasiyasını təmin edən AEW&C təyyarədir. O, bu funksiyasını yerinə yetirə bilmək üçün bir sıra aktiv və passiv sensorlar ilə təchiz olunub. AEW&C təyyarə Hərbi Hava Qüvvələrinə, Quru Qoşunlarına və Hərbi Dəniz Qüvvələrinə real vaxt rejmində informasiya ötürməklə, həmin bölmələrin həm ətraf ərazi haqqındakı situasiya məlumatlılığının artmasına, həm də təhdidlərin daha erkən aşkarlanmasına imkan verir.

CATEGORIES
TAGS