
Fransanın hərbi gəmisində koronavirusa yoluxan dənizçilərin sayı 700-ə çatıb
Fransa hərbi donanmasının “Şarl de Qoll” adlı təyyarədaşıyan gəmisində koronavirus COVID-19 infeksiyasına yoluxan hərbi dənizçilərin sayı 700-ə çatıb.
“AzeriDefence”nin məlumatına görə, bu barədə Fransa Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ümumilikdə 1767 dənizçi testdən keçirilib, 668 nəfərdə koronavirus aşkar edilib. Testlərin üçdə birinin nəticələri hələ alınmayıb, ona görə da sayın artacağı ehtimal olunur. Müdafiə Nazirliyinin verdiyi məlumata görə, hazırda 31 nəfər xəstəxanadadır.
Qeyd edək ki, “Şarl de Qoll” gəmis Fransa qoşunlarının Suriya və İraqda keçirdiyi hərbi əməliyyata dəstək vermək üçün yanvarın 21-də Tulon limanından çıxıb. Daha sonra Atlantik okeanı və Baltik dənizində hərbi təlimlərdə iştirak edib.
Ötən bazar günü gəmi göyərtəsində hərbi dənizçilərdə koronavirus COVID-19 infeksiyası aşkarlandığından “Şarl de Qoll” təlimləri dayandıraraq iki həftə tez Tulona qayıdıb.
Hazırda dənizçilər “Şarl de Qoll” gəmisindən hərbi bazaya təxliyə olunub. Müdafiə Nazirliyi hərbi qulluqçuların koronavirusa yoluxması ilə əlaqədar təhqiqat aparır.