
ASELSAN şirkəti hava hücumunda oyun dəyişdirəcək FULMAR 500A radar sistemini və TOLUN bombasının üç fərqli variantını ilk dəfə SAHA 2026 sərgisində nümayiş etdirib.
“Poliqon” xəbər verir ki, təqdimat mərasimində Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı Ziya Cemal Kadıoğlu, “SAHA İstanbul” İdarə Heyətinin sədri Haluk Bayraktar və ASELSAN-ın baş direktoru Ahmet Akyol iştirak ediblər.
FULMAR suüstü insansız dəniz aparatları və minalarla yanaşı, suüstü, quru və hava hədəflərini eyni anda aşkarlayıb izləmək qabiliyyəti ilə döyüş meydanında kompleks müşahidə imkanı təqdim edir. Sistem “hava-hava” və “hava-yer” əməliyyatlarında uzaq məsafələrdə çoxsaylı hədəflərin aşkarlanması və izlənməsini təmin edir. Hərəkətli quru hədəflərini real vaxt rejimində müəyyən edə bilən FULMAR, SAR görüntüləmə texnologiyası vasitəsilə yüksək keyfiyyətli yer səthi xəritələri yarada bilir.
Buludaltı görüntüləmə imkanına malik olan FULMAR müxtəlif tapşırıqları bir platformada birləşdirərək əməliyyat yükünü azaldır və effektivliyi artırır. AESA arxitekturası sayəsində sistem yüksək skan sürəti, çoxsaylı hədəf izləmə və aşağı reaksiya müddəti ilə seçilir. Bu texnologiya döyüş meydanında ani məlumat axını təmin edərək qərar qəbul edənlərə vaxtında və etibarlı informasiya təqdim edir. FULMAR-ın hava platformalarına yüksək situasiya məlumatlılığı qazandıraraq mühüm güc multiplikatoru olması hədəflənir.
TOLUN-L, SADAK 4T asqısı vasitəsilə daşına bilən, inteqrə olunmuş ANS-KKS və lazer axtarıcı başlıqla idarə olunan, 250 funt sinifində qəlpə təsirli döyüş başlığına malik tam atımlı sursat kimi diqqət çəkir. Pilotsuz uçuş aparatlarında istifadə zamanı açılan qanad konstruksiyası ilə 50+ km mənzilə sahib olan TOLUN-L lazer axtarıcı başlığı sayəsində strateji əhəmiyyətə malik hərəkətli və ya sabit hədəflərə yüksək dəqiqlikli zərbə imkanı təqdim edir.
TOLUN-L hava platformasından ayrıldıqdan sonra ilk KKS həlli əldə edilənədək ANS idarəetməsi ilə uçuşunu davam etdirə bilir. Hədəfdən əks olunan lazer enerjisini aşkar etdikdən sonra isə lazer axtarıcı başlıq aktivləşərək hədəfə zərbəni tamamlayır. İstənilən hava şəraitində istifadə oluna bilən TOLUN-L marşrut nöqtələrini izləyə bilir. Seçilə bilən zərbə bucağına malik sursat döyüş uçuşlarının sayını azaldaraq əməliyyat xərclərini aşağı salır.
TOLUN-F əlavə inkişaf etmiş xüsusiyyətlərlə yanaşı, hədəf üzərində dağıdıcı təsiri maksimum səviyyəyə çatdırmaq üçün kokpitdən proqramlaşdırıla bilir. TOLUN-F vaxt tənzimləməli elektron partladıcı və sursat hədəfə çatmadan əvvəl müəyyən məsafədə döyüş başlığını partlatmağa imkan verən yaxınlaşma sensoru ilə təchiz olunub. Qəlpə təsirli döyüş başlığı hədəfə müəyyən məsafədə partlayaraq müxtəlif hədəf növlərinə maksimum zərər vurur.
TOLUN EW isə elektron müharibə imkanlarına malik uzaqmənzilli tam atımlı sursat kimi milli imkanlarla hazırlanıb. TOLUN EW müəyyən müddət ərzində hədəf üzərində havada qalaraq elektromaqnit spektrində təsir yaratmaq və lazım gəldikdə hədəfə zərbə endirmək üçün layihələndirilib. Sistem qarışdırma, aldatma və basdırma funksiyaları ilə hava hücumundan müdafiə sistemlərinə qarşı effektivliyi artırır.




