
İtaliya, Yaponiya və Böyük Britaniya arasında həyata keçirilən yeni nəsil döyüş təyyarəsinin hazırlanması proqramı olan “Global Combat Air Programme” (GCAP) çərçivəsində ikinci birgə beynəlxalq müqavilə imzalanıb.
“Poliqon” “Leonardo” şirkətinə istinadən xəbər verir ki, 4,6 milyard funt sterlinq (6.1 milyard ABŞ dolları) dəyərində olan müqavilə proqramın qabaqcıl konsepsiya və qiymətləndirmə mərhələsinin tamamlanmasına, habelə birgə ətraflı layihələndirmə və inkişaf işlərinin davam etdirilməsinə imkan verəcək.
18 aylıq müqavilə üç hökumət adından bu proqramı idarə edən GCAP Agentliyi tərəfindən təyyarənin üçtərəfli baş podratçısı və layihənin səlahiyyətli qurumu olan “Edgewing” şirkətinə verilib.
Xatırladaq ki, bu, GCAP Agentliyi tərəfindən “Edgewing” şirkətinə verilən ikinci birgə beynəlxalq müqavilədir. Bundan əvvəl 2026-cı ilin aprel ayında 686 milyon funt sterlinq dəyərində ilkin müqavilə imzalanıb.
GCAP proqramının icrası İtaliya, Yaponiya və Böyük Britaniyanın aparıcı şirkətlərini bir araya gətirən üçtərəfli sənaye əməkdaşlıqları vasitəsilə dəstəklənir. Buraya GCAP-ın qabaqcıl aşkarlama və rabitə sistemlərini inkişaf etdirən “GCAP Electronics Evolution” (G2E) konsorsiumu, həmçinin təyyarənin daha uzun uçuş məsafəsi və dözümlülük imkanları ilə təmin edilməsinə çalışan enerji və mühərrik konsorsiumu daxildir.
2022-ci ildə başladılan GCAP proqramı tərəfdaş ölkələrin milli sənaye imkanlarını dəstəkləyən, qabaqcıl texnologiyalarla təchiz olunmuş yeni nəsil “stealth” döyüş təyyarəsinin hazırlanmasını nəzərdə tutur. Təyyarənin 2035-ci ildə istifadəyə verilməsi planlaşdırılır və onun ən mürəkkəb əməliyyat mühitlərində üstünlük təmin edəcək imkanlara malik olacağı gözlənilir.




