GDELS şirkəti Gürcüstan Silahlı Qüvvələrinə səyyar körpülər tədarük edəcək
Avropada fəaliyyət göstərən “General Dynamics European Land Systems” (GDELS) şirkəti Gürcüstan Silahlı Qüvvələrinə 4 ədəd PYTHON səyyar körpü sistemi tədarük edəcək.
“Poliqon” GDELS-ə istinadən xəbər verir ki, sözügedən tədarük Almaniya hökumətinin “Enable and Enhance Initiative” proqramı əsasında həyata keçirilir.
Tədarük çərçivəsində səyyar körpülərin qarşıdakı ilk iki il ərzində Gürcüstan Silahlı Qüvvələrinə təhvil verilməsi planlaşdırılıb.
8×8 təkər formullu şassi üzrəində quraşdırılan PYTHON səyyar körpüsü, 13 metr enindəki yarğanların və çayların üzərindən yüngül və orta ağırlıqdakı texnikaların keçidini təmin etmək üçün nəzərdə tutulub. İstehsalçının bildirdiyinə görə, körpü sisteminin iki personal tərəfindən qısa müddət ərzində istifadəyə hazır vəziyyətə gətiriləməsi və aşağı istismar xərclərinə malik olması onun əsas üstünlükləri sırasında yer alır.
Qeyd edək ki, Almaniya hökumətinin “Enable and Enhance Initiative” proqramı böhran təhlükəsi altında olan ölkələrin mülki və hərbi təhlükəsizlik sektorlarını dəstəkləmək, bununla da həmin dövlətlərin münaqişələrin qarşısını almaq qabiliyyətlərini və idarəetmə bacarıqlarını artırmaq məqsədi daşıyır.