General Aqşin Məhərrəmov “Üç nöqtə” əməliyyatının detallarını açıqladı – FOTOLAR

General Aqşin Məhərrəmov “Üç nöqtə” əməliyyatının detallarını açıqladı – FOTOLAR

Vətən müharibəsində, habelə ondan əvvəl və sonraki kiçik əməliyyatlarda Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçuları Cenevrə konvensiyasına, həmçinin müharibə qaydalarına uyğun döyüş əməliyyatlarını icra edib. Azərbaycan sərhədçisi bütün qaydalara uyğun olaraq döyüşüb.

“Poliqon” xəbər verir ki, bu fikirləri Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının general-mayoru Aqşin Məhərrəmov POLİQON jurnalına açıqlamasında bildirib.

MRS0761General-mayor A.Məhərrəmov vurğulayıb ki, Silahlı Qüvvəllərin Ali Baş Komandanı, Prezident İlham Əliyevin təsdiq etdiyi döyüş hazırlığı planına uyğun olaraq hər il Dövlət Sərhəd Xidmətinin hissə və bölmələri iri miqyaslı təlimlərə cəlb olunur. Bu təlimlərdə DSX-nin şəxsi heyəti yüksək bilik, bacarıq, praktiki vərdişlər əldə edərək növbəti təlimlərdə onları tətbiq edirlər.

Dövlət Sərhəd Xidmətinin arsenalında müasir silah, texnika və avadanlıqlar, habelə zərbə pilotsuz uçuş aparatlarının olduğunu vurğulayan A.Məhərrəmov bunun qarşısında düşmənin tab gətirə bilməsinin mümkün olmadığını deyib. Onun sözlərinə görə, bunun bariz nümunəsi hələ 2016-cı il aprel hadisələrində tətbiq olunub. General-mayor qeyd edib ki, 2016-cı il aprel döyüşlərində zərbə PUA-larının heyətinin yüksək peşəkarlığı nəticəsində düşmənə sarsıdıcı zərbələr endirilib. Bunun davamı olaraq, qazanılan həmin təcrübədən Vətən müharibəsində də məharətlə istifadə olunub və düşmən üzərində tarixi zəfər çalınıb.

Vətən müharibəsində Azərbaycan silahlı qüvvələrinin Ağbənd qəsəbəsi istiqamətində həyata keçirdiyi “Üç nöqtə” əməliyyatından danışan general-mayor A.Məhərrəmov bildirib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində “Üç nöqtə” əməliyyatı xüsusi ilə DSX-nin Çevik Hərəkət Dəstəsinin bölmələrinin uğuru ilə nəticələnib. Belə ki, bir gün öncə ərazinin havadan kəşfiyyatı aparılmış düşmən haqqında məlumatlar – düşmənin yerləşmə yeri, canlı qüvvəsi, texnikası, atəş mövqeləri, məlumatları dəqiqləşdirilərək müvafiq qərarların qəbul olunması üçün komanda məntəqəsində təhlil olunub. Növbəti gün gecə saatlarında kiçik çevik qruplar tərəfindən sızma əməliyyatı icra olunaraq düşmənə sarsıdıcı zərbələr endirilib və düşmən geri qaçmağa məcbur olub.

“Hal-hazırda Ağbənd qəsəbəsində durduğumuz bu ərazi strateji baxımdan çox əhəmiyyətlidir. Belə ki, düşmən geri çəkilərək bu ərazilərdə mövqelənərək bizim gəlişimizi qarşılamağa hazır idi. Lakin vaxtında, düzgün qəbul olunmuş qərarlara əsasən pilotsuz uçuş aparatları vasitəsiylə əvvəlcədən ərazilərin havadan kəşfiyyatı aparıldıqdan sonra düşmənin yerləşmə yeri, strateji obyektləri, sığınacaqları, hərəkət marşrutları, hava hücumundan müdafiə qurğuları, atış vasitləri müəyyən edildi. Düşmənə məhz müasir qurğulardan, zərbə PUA-larından zərbələr endirilərək düşmənin canlı qüvvəsi, atəş mövqeləri sıradan çıxarıldı.

Xüsusi ilə qeyd etmək istəyirəm ki, raket-artilleriya divizionu tərəfindən yaxınlaşmaqda olan düşmənin texnikası çox sərrast atışlarla sıradan çıxarıldı. Zərbə PUA-lar vasitəsi ilə düşmənin dərinliklərində yerləşən artilleriya qurğuları dəqiq atəşlə məhv edildi və bizim bölmələrimizin hərəkəti üçün yollar açıldı. Beləliklə Ağbənd istiqamətindən Vejnəli, Bartaz, həmçinin Üç nöqtə istiqamətinə şəxsi heytin hərəkəti təmin olundu.

Çevik hərəkət qüvvələrimiz tərəfindən Ağbənd qəsəbəsinin işğaldan azad olunması və dövlət bayrağımızın işğaldan azad olunmuş ərazidə sancılması hər birimiz üçün qürurvericidir. Arazboyu ərazilərdə yaşayan soydaşlarımız bizim hərəkətlərimizi kənardan müşahidə edərək alqışlarla, müxtəlif şüarlarla bizi səsləyirdilər. Onlar bu ərazilərin əsl sahiblərini görməkdən çox sevinirdilər”, – deyə general-mayor A.Məhərrəmov vurğulayıb.

A.Məhərrəmov onu da qeyd edib ki, hal-hazırda Üç nöqtə adlanan ərazi sərhədçilərimiz tərəfindən mətinliklə qorunur, Ali Baş Komandan tərəfindən qarşıya qoyulan istənilən tapşırığı Azərbaycan sərhədçisi icra etməyə hazır və qadirdir.

Poliqon.az

Zaur Babaşov

CATEGORIES
TAGS