General-mayor Natiq Əliyev: COVID-19 təhlükəsi ilə əlaqədar mobil hospitallar və həkim briqadaları hazır vəziyyətə gətirilib

General-mayor Natiq Əliyev: COVID-19 təhlükəsi ilə əlaqədar mobil hospitallar və həkim briqadaları hazır vəziyyətə gətirilib

Müdafiə Nazirliyinin Tibb Baş İdarəsi və tabeliyində olan qurumlar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir

Müdafiə Nazirliyinin Tibb Baş İdarəsi tərəfindən yeni növ koronavirus infeksiyasının (COVID-19) profilaktikası, diaqnostikası və müalicəsinə dair təlimatlar hazırlanaraq qoşunlara, hərbi müalicə müəssisələrinə göndərilib.

“AzeriDefence”nin məlumatına görə, bunu “Azərbaycan Ordusu” qəzetinə müsahibəsində Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev bildirib.

Baş İdarə rəisinin sözlərinə görə, Azərbaycan Ordusunun şəxsi heyətinin COVID-19 infeksiyasına yoluxmasının qarşısının alınması üçün Müdafiə naziri əmr imzalayıb və Tədbirlər Planı təsdiqləyib. Bundan əlavə, Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi tərəfindən Azərbaycan Ordusunun hərbi qulluqçularının və mülki işçilərinin sağlamlığının qorunması, koronavirus infeksiyasının hərbi hissələrə sirayətinin qarşısının alınması məqsədi ilə müvafiq əmr imzalanıb.

General-mayor Natiq Əliyev bildirib ki, koronavirusa qarşı mübarizə çərçivəsində Səhiyyə Nazirliyi və “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) ilə koordinasiyalı iş təşkil edilib: “Müdafiə Nazirliyinin Tibb Baş İdarəsi və tabeliyində olan qurumlar gücləndirilmiş iş rejiminə keçərək Səhiyyə Nazirliyi və onun müvafiq qurumları ilə qarşılıqlı fəaliyyət göstərməkdədir. Ən müasir tibbi avadanlıqlarla tam təchiz edilən mobil səyyar hospitallar ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi üçün həkim briqadası ilə hazır vəziyyətə gətirilib”.

hospitalAzərbaycan Ordusunda yoluxucu xəstəliklərə qarşı mübarizə məsələsinə də toxunan general-mayor Natiq Əliyev qeyd edib ki, yoluxucu xəstəliklərdən qorunma ÜST-in tövsiyələrinə müvafiq olaraq elmi cəhətdən əsaslandırılmış profilaktik və əks-epidemik tədbirlər kompleksi çərçivəsində aparılır: “Bu tədbirlər kompleksi 3 əsas həlqədən ibarətdir: mümkün risklərin aşkara çıxarılması, bu risklərin qiymətləndirilməsi və onların idarə olunması, yəni, təsirinin minimallaşdırılması. Hərbi qulluqçular arasında qeyd olunan tədbirlər kompleksinin effektiv həyata keçirilməsi rəhbərliyin daimi tələbidir. Hospitallara və tibb məntəqələrinə istənilən məsələ ilə bağlı müraciət edən hər bir hərbi qulluqçu barədə məlumat  dərhal rəhbərliyə məruzə olunur, eyni zamanda, çevik, adekvat, profilaktik və diaqnostik müalicə tədbirləri görülür”.

İdarə rəisinin sözlərinə görə, Müdafiə Nazirliyinin tabeliyində olan bütün hərbi hissə və müəssisələr ciddi əks-epidemik iş şəraitində fəaliyyətə hazırlanıb, onlar lazımi avadanlıqlarla təchiz edilib, tibb heyət təlimatlandırılıb. Personal fərdi mühafizə vasitələri ilə (qoruyucu geyim, tibbi maskalar, əlcəklər və sair) təchiz olunub. Hospital və poliklinikalar həkim-infeksionistlərlə komplektləşdirilib. Bütün hərbi hissələr dərman preparatları, dezinfeksiyaedici maddələr və vasitələrlə tam təchiz olunub, onların ehtiyatı yaradılıb.

“Şəxsi heyətə gündə 3 dəfə bədən termometriyası aparılır. Bununla yanaşı, hərbi qulluqçuların immunitetinin gücləndirilməsi (vitaminlər, fitonsidlər) üçün müvafiq tədbirlər görülür. Nəzarət-buraxılış məntəqələri, kazarmalar və sair yerlər gündəlik dezinfeksiya olunur. Hərbi hissəyə daxil olan hərbi qulluqçular və mülki işçilərə nəzarət-buraxılış məntəqələrində tibbi baxış və termometriya aparılır. Xüsusi zərurət olduğu hallar istisna olmaqla bütün ezamiyyətlər dayandırılıb. Ən əsası odur ki, aparılan profilaktik tədbirlərin keyfiyyətinə gündəlik nəzarət olunur”, – deyə Tibb Baş İdarəsinin rəisi əlavə edib.

 

 

CATEGORIES
TAGS