
General Misir Əliyev: 6 saatdan çox gedən döyüşdən sonra Ağbənd sərhəd zastavası düşməndən tam azad olundu
2020-ci il sentyabrın 27-də başlayan, 44 gün davam edən və Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən Vətən müharibəsində ən mühim əməliyyatlardan biri Zəngilan şəhərinin düşmən işğalından azad edilməsi idi ki, bununlada Azərbaycanın İranla olan dövlət sərhədi tam bərpa edildi.
“Poliqon”un məlumatına görə, Zəngilan şəhərinin azad olunmasından və İranla dövlət sərhədinin tam bərpa edilməsində sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən Dövlət Sərhəd Xidmətinin qarşısında qoyduğu növbəti tapşırıq Azərbaycan-Ermənistan sərhədinin bərpa edilməsi oldu.
Dövlət Sərhəd Xidmətinin general-mayoru Misir Əliyev POLİQON jurnalına açıqlamasında bunu dəsdiq edərək bildirib ki, Vətən müharibəsində aldıqları əsas tapşırıq İran-Azərbaycan dövlət sərhədinin 132 kilometrinin düşməndən azad edilməsi, həmçinin Ermənistan-Azərbaycan dövlət sərhədində strateji yüksəkliklərin düşməndən azad edilərək dövlət sərhədinin bərpa edilməsi tapşırığı olub.
Onun sözlərinə görə, əməliyyatlar zamanı DSX bölmələri Zəngilan şəhəri azad olunduqdan sonra Araz çayı boyu hərəkətə başlayıb. Araz çayı boyu hərəkət zamanı İranda yaşayan soydaşlarımız tərəfindən çox böyük sevinclə qarşlanıblar. Bu bütün bölmələr üçün qürurverici hal olsa da, onların sevincindən doğan qışqırıq səsləri DSX hərbçilərinin yerinin müəyyənləşdirilməsi üçün təhlükəli olub. Beləliklə, hərbi qulluqçularımız Araz çayı boyu hərəkətin düşmənin sezməsini nəzərə alaraq Baharlı sərhəd zastavası istiqamətindən dağlıq və relyef baxımından çətin olan əraziyə hərəkət ediblər.
“Baharlı sərhəd zastavasından dağ boyu 6-7 kilometr hərəkət etdikdən sonra Bartaz istiqamətində düşmən tərəfindən “Qrad” və minaatan atəşinə məruz qaldıq. Həmin istiqamətdə mövqelərimizi möhkəmləndirdikdən və düşmən həmləsini məhv etdikdən sonra tapşırığımızı tam icra etmək üçün Ağbənd sərhəd zastavasına hərəkət etdik. Ağbənd sərhəd zastavasına yol boyu hərəkət edəndə ön kəşfiyyat dəstələrimiz sərhəd zastavasında düşmənin çoxlu sayda qüvvəsinin cəmləşdiyini və qarşımızda görünən yüksəkliyə doğru hərəkət etdiklərini məruzə etdilər. Bölmələrimizi dərhal ön tərəfdə olan yüksəklikdə cəmləşdirdik.
Xüsusi olaraq qeyd etmək istəyirəm ki, düşmən tərəfindən hərəkətimizin izlənməsi üçün yüksəkliklərdə iki kamera mövcud idi. Bir kamerə tərəfimdən verilən göstərişlə zərərsizləşdirildi, 1071 zirvəsində olan digər kameranı isə zərərsizləşdirməyə vaxtımız yox idi. Biz artıq düşmənlə bilavasitə təmasa girərək onları tamamilə məhv edib, Ağbənd sərhəd zastavasını, İran-Azərbaycan 132 kilometrliyini bərpa etməli idik. 6 saat yarım gedən döyüşdən sonra Ağbənd sərhəd zastavası düşməndən tam azad olundu, düşmən tamamiylə məhv edildi və bu barədə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, cənab Prezident İlham Əliyevə məruzə etmək şərəfi mənə nəsib olmuşdu. Bununla da Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrliyi Dövlət Sərhəd Xidməti tərəfindən mühafizəyə götürülmüşdür”, – deyə general-mayor Misir Əliyev vurğulayıb.
Zaur Babaşov