
General-polkovnik Məhərrəm Əliyev: Azərbaycan Ermənistan tərəfinin təxribatlarına qətiyyətli cavab verməyə daim hazırdır
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev qarşıda dayanan məsələlər barədə fikirlərini açıqlayarkən vurğulayır ki, Ermənistan tərəfi yeni reallıqlarla barışmalı və bizimlə hesablaşmalıdır. Sülh və əminamanlığı bərpa etməklə regionun inkişafından Ermənistan da bəhrələnə bilər.
“Poliqon” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev POLİQON jurnalına müsahibəsində söyləyib.
“Məlumdur ki, bu gün Ermənistan yalnız iqtisadi, sosial deyil, həm də hərbi-siyasi böhran içindədir və ölkədə hərc-mərclik davam edir. Eləcə də keçmiş hakimiyyətdən olan revanşistlərin yenidən iqtidara can atmaları 10 noyabr Bəyanatının pozulmasına yönəlmiş addımlardır. Ermənistan Bəyanatın müddəalarını icra etməzsə, onlar üçün əvvəlkindən də böyük problemlərin yaranmayacağına kimsə zəmanət verə bilməz. Onu da qeyd edim ki, artıq dünya birliyi də Azərbaycanın qələbəsini regionda sülhün möhkəmləndirilməsi istiqamətində önəmli töhfə kimi qiymətləndirir. Hesab edirəm ki, Ermənistan bu cəhdlərini nə qədər çox davam etdirərsə, hazırda düşdüyü acınacaqlı vəziyyətini daha da dərinləşdirəcək.
Mən Prezident İlham Əliyev cənablarının daha bir ifadəsini də xatırlatmaq istərdim. O, “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm”, deyə bəyan etdi, məhz bu fikirlərini önə sürməklə vurğuladı ki, Azərbaycan dövləti yalnız xalqı ilə hesablaşır, xalqın maraqlarından çıxış edir. Biz şahidi olduq ki, 30 ilə yaxın dövrdə BMT Təhlükəsizlik Şurasının qətnamələri və digər nüfuzlu beynəlxalq təşkilatların qərarları icra olunmadı. 44 günlük Vətən müharibəsində Azərbaycanın Müzəffər Ordusu parlaq qələbə ilə ədaləti bərpa etdi. Buradan isə belə bir nəticə hasil etmək olar ki, vaxt, zaman hər bir hadisənin düzgün istiqamətləndirilməsində və qiymətləndirilməsində hakim rolunu oynayır”, – deyə general-polkovnik Məhərrəm Əliyev vurğulayıb.
Prezidentin köməkçisi bildirib ki, təəssüf ki, dünyada ikili standartlar reallığı bu gün də qalmaqdadır: “Bir sıra siyasi dairələrin Ermənistanın təxribatçı əməllərinə göz yummaları, hətta ona dəstək vermələri isə onların özlərinin qəbul etdikləri hüquq prinsiplərini pozur. Lakin Azərbaycan müstəqil dövlətdir və onun maraqlarına qarşı atılan istənilən adımın qarşısı qətiyyətlə alınır və bundan sonra da alınacaq. Ermənistanın təxribatlarına haqq qazandıran dairələr isə yaxşı olardı ki, ədalətin yanında yer alsınlar və 30 il boyunca Azərbaycanın üzləşdiyi ağır nəticələri xatırlasınlar. Əgər bunu da edə bilmirlərsə, tövsiyə edərdik ki, öz daxili problemlərini həll etməklə məşğul olsunlar. Azərbaycan öz sərhədlərini, ərazi bütövlüyünü və suverenliyini tələb olunan normalar çərçivəsində təmin edir və Ermənistan tərəfinin təxribatlarına qətiyyətli cavab verməyə daim hazırdır.
Bildiyimiz kimi, artıq delimitasiya istiqamətində işçi qruplar fəaliyyət göstərir, görüşlər keçirilir və bütün bunlara rəğmən, sərhədlərimizin möhkəmləndrilməsi və bərpası işləri tam sürətlə davam etdirilməkdədir”.