GİCHD-in təşkilatçılığı ilə Azərbaycanda regional IMSMA NG təlimi başlayıb

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Göygöl Regional Bazasında Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzinin (GİCHD) təşkilatçılığı ilə sabah yeni nəsil Mina Təhlükəsi ilə Mübarizə üzrə İnformasiyanın İdarə edilməsi Sisteminin (IMSMA NG) tətbiqi və işlədilməsinə dair regional təlim başlayıb. Bu barədə “AzeriDefence”yə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Avqustun 31-dək davam edəcək təlimdə Azərbaycan, İsveçrə, Türkiyə, Əfqanıstan, İraq və Gürcüstandan ümumilikdə 16 mütəxəssis iştirak edəcək. Təlim kursunun yekununda iştirakçılara sertifikatlar təqdim olunacaq.

Agentlikdən bildirib ki, hazırda ANAMA-nın IMSMA NG sisteminə keçidi istiqamətində işlər aparılır. IMSMA-nın bu yeni versiyasına keçiddən sonra informasiyaların sistemə yerləşdirilməsi prosesi sürətlənəcək. İnternet vasitəsi ilə regional bazalardan məlumatlar sistemə daxil edilə biləcək.

KATEQORIYA: