
Gizir Oktay İsmayılov: Düşmənin illərdir hazırladığı “ohanyan” xəttini biz yardıq, darmadağın etdik
Sentyabrın 27-si biz səhər saatlarında həyəcan siqnalı ilə qaldırıldıq. Düşmən hücum etmişdi və bizə əks-hücum komandası verildi. Biz əks-hücum komandasında Füzulinin Abdurrahmanlı istiqamətində Vodapron deyilən istiqamətdən düşmənə əks-hücum etdik. Düşmənin illərdir hazırladığı “ohanyan” deyilən xətti biz yardıq, darmadağın etdik və o istiqamətdən irəlilədik. Aşağı Abdurrahmanlı istiqamətində güclü döyüşlər getdi. Ondan sonra biz kənd Horadiz istiqamətinə gəldik. Hadrut istiqamətində döyüşlər artıq gedirdi və axırıncı döyüşümüz 1550 yüksəkliyi deyilən yerdə oldu. Orada yaralandım. Bu çox strateji yüksəklik idi, Şuşanın alınması üçün bu vacib idi.
Bu fikirləri Vətən müharibəsində keçdiyi döyüş yolundan POLİQON jurnalına danışan Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Oktay İsmayılov deyib.
“Düşmən 30 ildən bəri hazırladığı istehkam maneələri, texnikamız üçün və piyada əleyhinə minalar düzmüşdü, val qazmışdı çoxlu. Onları keçmək çətin idi. Onların bir neçə eşelonu var idi. Bunları keçmək çətin olsa da, bizim şəhidlərimizin, qazilərimizin, döyüşçülərimizin hesabına həmin maneələr dəf olundu və hal-hazırda bu torpaqlardayıq.
Biz yüksəklikdə artilleriya atəşi nəticəsində mən başımdan yaralandım və hospitalında ilk yardım olunduqdan sonra mən yenidən döyüşlərə qayıtdım. Qayıtdıqdan sonra döyüş bitmişdi”, – deyə gizir Oktay İsmayılov bildirib.
Gizir O.İsmayılov vurğulayıb ki, döyüş zamanı yaralılar olurdu və təxliyyə etmək üçün təxliyə qrupları gəlirdi. Ancaq onlar təxliyyə olmurdu: “Yaralı ola-ola yenidən döyüşə qatılırdı. Onlardan şəhid olan da olurdu. Hal-hazırda aralarında yaşayanlarda var. Güllə yarası dəydiyi anda getmək istəmirdilər.
Biz demək olar ki, bu 30 ildən bəri düşmənə nifrət hissi ilə böyümüşük. Bir tərəfim Cəbrayıl, bir tərəfim Zəngilandandır. 30 ildən bəri gözləyirdik bu komandanı ki, biz döyüşə qatılaq. Xüsusi hazırlanmış bölmədən idik ona görə də şəxsi heyət həmişə istəyirdi döyüşsün. Onun üçün ruh yüksəkliyi çox böyük idi.
Vətən müharibəsində şəhid olan şəhidlərimizə Allah rəhmət etsin, qazilərimizə can sağlığı və hal-hazırda xidmətdə olan yoldaşları salamlayırıq”.
Gizir O.İsmayılov Azərbaycan Ordusunun Vətən müharibəsində istifadə etdiyi silahlara da toxunub: “Elə silahlarımız var idi ki, heç istifadə olunmadı, ehtiyac olmadı. Müasir silahlarımız düşməndən qat-qat daha yaxşı idi. Döyüş bitdikdən sonra da müasir silahlar alırıq, istifadə olunur”.