
Türkiyənin TÜBİTAK SAGE mərkəzi tərəfindən hazırlanmış GÖKDOĞAN və BOZDOĞAN “hava-hava” raketləri döyüş başlıqlı atış sınaqlarını uğurla tamamlayıb.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır “X” hesabında paylaşım edib.
Nazirin bildirdiyinə görə, bununla da hər iki raket sistemi doğrulama mərhələsini uğurla başa vurub.
Yüksək manevr qabiliyyətinə malik BOZDOĞAN görmə məsafəsi daxilindəki hədəflərin məhv edilməsi üçün nəzərdə tutulmuş “hava-hava” raketidir. O, bərk yanacaqlı raket mühərriki, 25 kilometrdən artıq uçuş məsafəsi və infraqırmızı özütuşlanan başlıqla təchiz olunub. BOZDOĞAN təzyiq və qəlpə təsirli döyüş başlığına malikdir.
GÖKDOĞAN isə görmə məsafəsindən kənardakı hədəflərin vurulması üçün nəzərdə tutulmuş yüksək manevr qabiliyyətli “hava-hava” raketidir. O, bərk yanacaqlı raket mühərriki, 65 kilometrdən artıq uçuş məsafəsi və aktiv radar axtarıcı özütuşlanan başlıqla təchiz edilib. GÖKDOĞAN da təzyiq və qəlpə təsirli döyüş başlığına malikdir.




