Gürcüstan ABŞ-dan “Javelin” TƏİR komplekslərini təhvil alıb

Gürcüstan ABŞ-dan “Javelin” TƏİR komplekslərini təhvil alıb

Gürcüstan ABŞ-dan sifariş etdiyi “Javelin” tank əleyhinə idarəolunan raket komplekslərini (TƏİRK) təhvil alıb.

“Poliqon” xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırma İnstitutunun (SIPRI) 2022-ci il üçün olan hesabatında məlumat yer alıb.

Qeyd edək ki, ABŞ hökuməti “Javelin” TƏİRK-lərin Gürcüstana satşını 2021-ci ilin avqust ayında təsdiqləyib. Sifariş çərçivəsində Gürcüstana 82 ədəd FGM-148 raketinin və 46 ədəd “Javelin” buraxıcı qurğunun tədarük edilməsi, habelə onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi daxil idi.

TƏİR kompleksinin satınalınması üçün nəzərdə tutulmuş vəsaitin 26 milyon dolları ABŞ-ın ayırdığı vəsait, qalanı isə Gürcüstanın dövlət büdcəsi hesabına ödənilib.

“Javelin” TƏİRK ABŞ-ın “Raytheon” və “Lockheed Martin” şirkətləri tərəfindən istehsal olunan üçüncü nəsil daşınan tank əleyhinə raket kompleksidir. “Javelin” 1990-cı ildən ABŞ və bir sıra digər ölkələrin silahlanmasında olan “atdın və unutdun” prinsipi ilə işləyən komplekslər sinfinə aiddir.

FGM-148 “Javelin” TƏİRK raketi termal özütuşlama başlığına malikdir. Ona görə də raket kompleksinin operatoru buraxılışdan sonra hədəfə yaxınlaşma zamanı raketin uçuşunu izləmir və tənzimləmir.

“Javelin” kompleksi əsasən yerüstü zirehli texnikaların və aşağı hündürlükdə uçan hava hədəflərinin (helikopterlər, PUA-lar) məhv edilməsi üçün təyin edilib.

Poliqon.az

CATEGORIES
TAGS