Gürcüstan ABŞ-dan “Javelin” TƏİR komplekslərinin növbəti partiyasını alır

Gürcüstan ABŞ-dan “Javelin” TƏİR komplekslərinin növbəti partiyasını alır

ABŞ Dövlət Departamenti Gürcüstana Hökumətinə “Javelin” tank əleyhinə idarə olunan raket kompleksinin (TƏİRK) yeni partiyasını satmağa razılıq verib.

“Poliqon” xarici mediaya istinadən xəbər verir ki, Pentaqonun Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA – Defense Security Cooperation Agency) ümumi dəyəri 30 milyon ABŞ dolları olan mümkün Xarici Hərbi Satış (FMS – Foreign Military Sale) qərarını açıqlayıb. Bununla əlaqədar olaraq, Agentlik mümkün satış haqqında Konqresə lazımi sertifikatı təqdim edib.

Bildirək ki, Gürcüstan Hökuməti, “Javelin” TƏİR kompleksləri üçün 82 ədəd FGM-148 “Javelin” raketi və 46 dəst buraxılış qurğusunun (Command Launch Units – CLU), trenajor komplekslərinin, raket yamsılayıcılarının, təhlükəsizliyin idarə edilməsi üzrə texniki dəstəyin, həmçinin logistika və proqram dəstəyinin digər əlaqəli elementlərinin satışını sifariş edib.

DSCA məlumatına görə, təklif edilən bu satış ABŞ-ın xarici siyasətini və milli təhlükəsizliyini dəstəkləyəcək, həmçinin strateji tərəfdaş, bölgənin təhlükəsizliyi və sabitliyində əsas oyunçu olan Gürcüstanın təhlükəsizliyini yaxşılaşdıracaq.

Xatırladaq ki, 2017-ci ilin noyabr ayında ABŞ Dövlət Departamenti Gürcüstana “Javelin” TƏİR komplekslərinin 75 milyon ABŞ dolları dəyərindəki ilk partiyasının satışını təsdiqləyib. İlk komplekslər raketlərlə birlikdə təyinat nöqtəsinə 2018 -ci ilin yanvar ayında çatdırılıb. “Javelin” TƏİR komplekslərinin Gürcüstana çatdırılması prosesi iki il çəkib və 2019-cu uilin aprel ayında başa çatıb.

Ümumilikdə, Gürcüstan indiyədək bu komplekslərə 410 ədəd raket, 72 dəst nişangah-buraxma avadanlığı bloku, 10 dəst trenajor kompleksi və trenajor kompleksləri üçün 70 ədəd atım alıb.

FGM-148 “Javelin” TƏİR kompleksi “atdın-unutdun” prinsipi ilə işləyən üçüncü nəsil tank əleyhinə raket sistemidir. 1990-cı ildən ABŞ və bir sıra digər ölkələrin silahlı qüvvələrinin silahlanmasında özünəməxsus yer tutur.

O, zirehli texnikaları və alçaq yüksəkliklərdə uçan hava hədəflərini (helikopterlər, PUA) məhv etmək üçün təyin edilib.

gur1 gur2

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS