Gürcüstan Türkiyədən “Vuran” zirehli maşınlarını təhvil alıb – FOTO/VİDEO
Gürcüstanın Müdafiə Qüvvələri Türkiyə Milli Müdafiə Nazirliyinə bağlı ASFAT şirkətinin baş podratçılığı ilə istehsal olunan 46 ədəd “Vuran” zirehli nəqliyyat vasitəsini təhvil alıb.
“Poliqon” Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 4-cü Piyada Briqadasının Vazianidəki poliqonunda zirehli texnikaların təhvil alınması mərasimi keçirilib.
Tədbirdə Gürcüstan müdafiə nazirinin müavini Serqo Canelidze, Müdafiə Qüvvələri komandanının müavini briqada generalı İrakli Çiçinadze, maddi-texniki təminat komandiri briqada generalı Kaxa Tabatadze, ASFAT şirkətinin baş direktoru Behcet Karataş, Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orbay və hərbi attaşesi iştirak ediblər.
Bildirilib ki, Gürcüstan Müdafiə Qüvvələrinin NATO standartlarına uyğun “Vuran” zirehli nəqliyyat vasitələri ilə təchiz olunması ölkənin müdafiə qabiliyyətinin güclənməsinə və Türkiyə-Gürcüstan arasındakı əməkdaşlığın dərinləşməsinə töhfə verəcək.
Xatırladaq ki, Gürcüstan Müdafiə Nazirliyi və Türkiyənin ASFAT şirkəti arasında “Vuran”ların satın alınması ilə bağlı müqavilə 2022-ci ilin oktyabr ayında imzalanmışdı. Bu ilin fevral ayında isə sosial şəbəkələrdə “Vuran” zirehli nəqliyyat vasitələrinin Gürcüstana tədarük edilməsinə dair videogörüntü yayılmışdı.