Gürcüstanın Müdafiə Qüvvələri yerli istehsal olan PUA-lar əldə edib

Gürcüstanın Müdafiə Qüvvələri yerli istehsal olan PUA-lar əldə edib

Gürcüstan-Polşa birgə müəssisəsi olan “Delta-Webe”nin istehsal etdiyi pilotsuz uçuş aparatları (PUA) və ABŞ istehsalı çoxfunksiyalı radar sistemləri Gürcüstanın Müdafiə Qüvvələrinə təhvil verilib.

“Poliqon” Gürcüstan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Vaziani poliqonunda keçirilən təhvilvermə mərasimində Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze, Müdafiə Qüvvələrinin komandanı general-mayor Giorgi Matiaşvili və digər rəsmilər iştirak edib.

Müdafiə nazirinə həm Gürcüstan istehsalı olan pilotsuz uçuş aparatları, həm də ABŞ istehsalı olan yerüstü müşahidə radarları barədə məlumat verilib. Rəsmilər “Warmate” kamikadze və “Flyeye” kəşfiyyat PUA-larının nümunəvi uçuşlarını, həmçinin stasionar və mobil yerüstü radarların, kəşfiyyat-zərbə kvadrokopterlərin və kamikadze PUA-ların sınaq prosesini izləyiblər.

Gürcüstanın “Delta” Elmi Hərbi-Texniki Mərkəzi və Polşanın “Webe Electronics” şirkəti tərəfindən təsis edilmiş “Delta-Webe” şirkəti pilotsuz uçuş aparatlarının istehsalı və yığılması üzərində işləyir. Sözügedən layihə Gürcüstanda PUA istehsalı sahəsini inkişaf etdirmək məqsədi daşıyır. Bundan başqa, “Delta-Webe” bazasında yaradılmış təlim mərkəzində pilotsuz uçuş aparatları operatorlarının hazırlanması və onların peşəkarlığının artırılması prosesi davam etdirilir.

Bildirilib ki, Gürcüstan Müdafiə Qüvvələrinin inkişafı üzrə 2030-cu il planına uyğun olaraq ölkəyə çoxfunksiyalı radar sistemləri və pilotsuz uçuş aparatları gətirilib. Sözügedən texnika Gürcüstan Müdafiə Qüvvələrinin bölmələrinə paylanacaq ki, bu da ölkənin müdafiə və kəşfiyyat imkanlarının gücləndirilməsinə töhfə verəcək.

CATEGORIES
TAGS