Haluk Görgün: Azərbaycanda daimi və uzunmüddətli layihələr üzərində işləyirik

Haluk Görgün: Azərbaycanda daimi və uzunmüddətli layihələr üzərində işləyirik

Dünyanın ən böyük 100 müdafiə sənayesi şirkəti sırasında yer alan Türkiyənin ASELSAN şirkəti hər il mövqelərini möhkəmlədərək daha da irəliyə doğru addımlayır. ASELSAN tərəfindən istehsal edilən məhsullar Türkiyə ilə yanaşı xarici ölkələrin, o cümlədən Azərbaycan Silahlı Qüvvələri tərəfindən hərbi əməliyyatlarda uğurla istifadə edilərək özünü doğruldub.

ASELSAN şirkətinin İdarə Heyətinin sədri və baş direktoru Haluk Görgün Poliqon jurnalına verdiyi müsahibəsində bildirib ki, ASELSAN texnologiya və müdafiə sektorunun qabaqcıl şirkətlərindən biri olaraq, hərbi və mülki sahədə istehsal etdiyi geniş çeşidli məhsulları ilə artıq yalnız Türkiyə vətəndaşlarının deyil, eyni zamanda dünyanın müxtəlif yerlərində yaşayan insanların təhlükəsizliyinə, həyat keyfiyyətinə və rifahına töhfə verən qlobal bir təşkilati quruluşla fəaliyyətini davam etdirir.

“Fərqli fəaliyyət sahələrində qazandığımız 46 illik təcrübəmizi əməkdaşlıq etdiyimiz paydaşlarımıza da ötürərək uzunmüddətli böyümə strategiyamızla qlobal izimizi artırırıq. Müştərək müəssisələrimiz, yerli istehsal müəssisələrimiz, filial və ofislərimizlə texnologiya transferi proqramlarını inkişaf etdirməyə, maliyyə sürətimizi artırmağa və ASELSAN-ı bütün dünyada güclü bir marka kimi göstərməyə davam edirik”, – deyə baş direktor vurğulayıb.

Haluk Görgün bildirib ki, dünyada müxtəlif sahələrdə inkişaf etmiş texnologiyanın yaratdığı güc çarpanı daha yaxşı başa düşüldükcə, müdafiə sənayesi şirkətlərinin innovativ həll yollarına xərclədikləri enerji də artır: “Kritik mülki texnologiyaların və hərbi texnologiyaların iç-içə olduğu bu dövrdə, qabaqcıl texnologiya həlləri təklif edən müdafiə sənayesi şirkətləri də günün zərurəti olaraq mülki sahələrdə fəaliyyət göstərirlər. 2020-ci ilin əvvəlində qarşılaşdığımız və bu gün də təsirini göstərən pandemiya şəraitində “ASELSAN dayana bilməz, dayanmaz!” dedik və fəaliyyətimizə bir gün olsun ara vermədik. Həm hərbi, həm də mülki sahələrdə həyata keçirdiyimiz layihələrimizlə bu kritik dövrü çox yaxşı idarə etdiyimizə inanıram. Epidemiyanın ilk təsirlərinin görünməyə başladığı andan etibarən ASELSAN daxilində çox təsirli bir qərar vermə mexanizmi tətbiq etdik. Bir tərəfdən dövlətimizin ehtiyac və gözləntilərini müşahidə edərkən, işçilərimizin sağlamlığı üçün hər cür tədbir görməyə çalışdıq.

Ticarət dövriyyəmiz 2020-ci ildə bir əvvəlki ilə nisbətən 24 % böyüyərək 16 milyard TL-ni keçdi. Xarici satışlarımızı əvvəlki ilə nisbətən 44 % artıraraq 446 milyon ABŞ dolları dəyərində yeni ixrac müqaviləsi imzaladıq. İl ərzində reallaşdırılan satışlara əlavə olaraq 362 milyon ABŞ dolları həcmində rekord xarici valyuta axını əldə etdik. ASELSAN tarixində ilk dəfə 2020-ci il ərzində 1 milyard ABŞ dollarından çox xarici satış “backlog”u rəqəminə çatdıq. ASELSAN məhsullarını bu günə qədər satış həyata keçirilmədiyi altı yeni ölkəyə satdıq. Bu sayədə istifadəçilərimiz olan ölkə sayı ümumilikdə 70-ə yüksəldi. Rəqəmsal iş axını platforması və etibarlı rabitə infrastrukturu ilə fəaliyyətimizi dünyanın hər yerində fasiləsiz həyata keçirtdik. Pandemiyanın hər sahədəki mənfi təsirlərinə baxmayaraq, 3.3 milyard TL səviyyəsində Ar-Ge (araşdırma-inkişaf) xərcləri çəkərək texnologiya və Ar-Ge sahəsindəki fəaliyyətlərimizi də artıraraq davam etdirdik.

Yeni şərtlər bütün dünyada illərdir vərdiş edilmiş və möhkəmlənmiş iş aparmaq formatlarını tamamilə dəyişdirmişdir. Bu dəyişikliyin vərdiş olunmamış bir sürətlə baş verməsi, infrastruktur və insan resursları baxımından da hazır olmayan şirkətlərə mənfi təsir etdi. ASELSAN, uzun illərdən bəri dəyişikliyə rəhbərlik edən və bu istiqamətdə ən dəyərli sərvəti olaraq gördüyü ixtisaslı insan resurslarına investisiya yatıran bir texnoloji bazadır. Bu uzaqgörənliklə, ASELSAN ailəmizə 2020-ci ildə qoşulan təxminən 1500 yeni işçi ilə ili bütün zamanların ən yüksək məşğulluq dərəcəsi ilə tamamladıq. Müdafiə elektronikasından sağlamlığa, rabitə sistemlərindən maliyyə texnologiyalarına; Enerji və nəqliyyat sistemlərindən kosmik texnologiyalara qədər fəaliyyət göstərdiyimiz hər sahədə məhsul və xidmətlərimizin millətimizə verdiyi faydaları qürurla müşahidə edirik. Pandemiya vəziyyətinin pisləşdiyi bir dövrdə millətimizin xidmətinə təqdim etdiyimiz respirator (tənəffüs aparatı) bu məhsullardan biri oldu. ASELSAN olaraq əməkdaşlıq etdiyimiz konsorsium üzvləri ilə birlikdə qısa müddətdə 20 mindən çox tənəffüs cihazı istehsal edərək COVID-19 ilə mübarizədə səhiyyə sektoruna çox əhəmiyyətli bir dəstək verdik. Tənəffüs aparatlarımız dövlətimizin koordinasiyası ilə bir çox ölkədə istifadəyə verilmişdir”.

Baş direktor bildirib ki, ASELSAN şirkəti əldə etdiyi bu uğurlu nəticələri 2021-ci ildə də davam etdirib, dünyanın bir çox ölkəsində yeni əlaqə ofislərini, texniki-təmir-istehsal-mühəndislik mərkəzlərini və yeni iş ortaqlıqlarını elan edib.

Azərbaycanla bağlı planlarını açıqlayan Haruk Görgün bildirib ki, ASELSAN şirkəti Türkiyə-Azərbaycan münasibətlərinin ən vacib mövzulardan olan, regional təhlükəsizlik və hərbi əməkdaşlıq məsələlərində iki qardaş dövlətə hər cür imkanlar təmin etməyə çalışır.

“Bu torpaqları daha da firəvan etmək və övladlarımıza parlaq bir gələcək təqdim etmək məqsədi ilə 90-cı illərin əvvəllərindən başlayaraq Qarabağ cəbhəsində Azərbaycan Ordusunu ASELSAN rabitə vasitələri ilə təmin etməklə başlayan sarsılmaz təməllər üzərində qurduğumuz münasibətlərimiz bu gün də bir çox sahədə davam edir. Azərbaycandakı fəaliyyət sahələrimizin və yerli xidmətlərimizdə artım sayəsində bir çox birgə layihələr həyata keçiririk. İşğal altında saxlanılan Qarabağ torpaqlarına nəzərdə tutulmuş Vətən müharibəsində Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın millətimizin bütün imkanları ilə Azərbaycanın yanında olduğunu ifadə etməsindən əldə etdiyimiz güclə, ASELSAN olaraq bütün imkan və qabiliyyətlərimizi Azərbaycanın ədalətli mübarizəsi üçün təqdim etdik və bu istiqamətdə çalışmalarımızı davam etdiririk.

Əlbəttə ki, bizim Azərbaycandakı varlığımız sadəcə müharibədən doğan təcili ehtiyacları ödəməklə məhdudlaşmır. 20 ildən çoxdur ki, Bakıda yerləşən “ASELSAN Bakı” törəmə şirkətimizin koordinasiyası ilə həyata keçirdiyimiz fəaliyyətlərlə Azərbaycanda daimi və uzunmüddətli layihələr üzərində də işləyirik. Burada prioritet olaraq kritik məsələlər, Türkiyədə olduğu kimi, Azərbaycanda da mümkün məhdudiyyətlərdən təsirlənməyəcəyi şəkildə xarici ölkələrə olan asılılığını azaltmaq, texnologiya transferi kimi layihələrlə kritik texnologiyaya çıxış təmin etmək, yerli məşğulluq yaradaraq sənayeni gücləndirmək və Azərbaycan Silahlı Qüvvələri ilə Türkiyə Silahlı Qüvvələrini tam anlamıyla birgə əməliyyat həyata keçirə biləcək formada təchiz etməkdir. Bu səbəbdən də Azərbaycan Silahlı Qüvvələrini qısa, orta və uzun müddətdə gücləndirəcəyini gözlədiyimiz müxtəlif ölçü və dərinliklərdə bir çox layihələrdə iştirak edirik.

Azərbaycanda yalnız Müdafiə Nazirliyi ilə deyil, təhlükəsizlik qüvvələri daxil olan digər qurumlarla və mülki strukturlarla da işləyirik. Həm də bildirmək istərdim ki, hazırda Azərbaycanda ASELSAN-ın hər bir sistem həlli üçün ən azı bir fəaliyyət maddəmiz var. ASELSAN ailəsi olaraq bizlər, üzərimizə düşən məsuliyyətimizin fərqində olaraq; qardaş ölkəmiz üçün dizayn, istehsal, yorulmadan və var gücümüzlə çalışmağa davam edəcəyik. Bu zamana qədər olduğu kimi, bundan sonra da üzərimizə götürdüyümüz vəzifələri çiyin-çiyinə verərək uğurla yerinə yetirəcəyik.

Mehmet Demirkol
POLİQON jurnalının Türkiyə bürosu

CATEGORIES
TAGS