“Hanwha Defense” şirkəti Rumıniyaya birgə yeni PDM hazırlamağı təklif edir
Cənubi Koreyanın “Hanwha Defense” şirkəti Rumıniyaya ölkənin quru qoşunları üçün yeni piyada döyüş maşını (PDM) hazırlamağı təklif edir.
Bu barədə “Poliqon” “Hanwha Defense” şirkətinə istinadən xəbər verib.
Bildirilib ki, tərəfdaşlıq əlaqələrinin qurulması çərçivəsində “Hanwha Defense” şirkəti 2024-cü il 17 may tarixində Buxarestdə “Hanwha Industry Day” (“Hanwha Sənaye Günü”) keçirib və burada Rumıniya nümayəndələri ilə müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib.
İlk növbədə, hazırda hər iki ölkənin nümayəndələri AS21 “Redback” ixrac modeli əsasında yeni PDM-in birgə hazırlanması imkanlarını müzakirə edirlər. Belə bir addım Rumıniyanın müdafiə sənayesini əlavə sərmayə ilə təmin edəcək, həmçinin müəyyən sayda iş yerləri və mütəxəssisləri saxlamaq imkanı verəcək.
Hazırda Rumıniya quru komponentinin modernləşdirilməsi proqramını həyata keçirir və silahların alınması üçün ən əlverişli təklifləri axtarır.
“Hanwha Defense” şirkətinin nümayəndələrinin sözlərinə görə, onlar sərfəli kredit şərtləri təklif edə və yerli müdafiə-sənaye kompleksinin cəlb edilməsi ilə Rumıniya üçün lazım olan çoxlu sayda silahların birgə hazırlanmasını həyata keçirə bilərlər.
Qeyd olunur ki, AS21 “Redback” öz sinfində ən yaxşı müdafiə, hərəkətlilik və atəş gücü ilə dünyanın ən qabaqcıl PDM-dir. Uyğunlaşma (adaptasiya) və inkişaf potensialına görə, bu maşın kompozit rezin tırtıllar, aktiv qoruma sistemi və dəbilqəyə quraşdırılmış idarəetmə sistemi də daxil olmaqla bir sıra innovativ texnologiyalardan istifadə edir.
Maşının əsas silahlanması 30 mm-lik Mk44S “Bushmaster II” avtomatik topundan və əlavə “Spike LR” tank əleyhinə raket buraxma qurğusundan ibarətdir.
Xatırladaq ki, 2023-cü ildə Rumıniya Müdafiə Nazirliyi Rumıniya Ordusunun “Tırtıllı piyada döyüş maşını – MLI (Masina de Lupta a Infanteriei)” proqramı çərçivəsində PDM alınması üçün tender elan edib.
Məlumatlı mənbələrə görə, üç böyük qlobal silah istehsalçısı zirehli texnikanın tədarükünə dair müqavilə uğrunda yarışa qatılıb. Bunlar “General Dynamics European Land Systems” şirkətinin ASCOD döyüş maşını, Cənubi Koreyanın “Hanwha Defense” şirkəti tərəfindən istehsal edilən AS-21 “Redback” PDM və Almaniyanın “Rheinmetall” şirkətinin “Lynx” PDM-dir.
Gələcək döyüş maşınlarının təxmini dəyərinin 3 milyard avroya yaxın olacağı gözlənilir.
Bundan başqa, xarici mətbuatda daha əvvəl məlumat verilmişdi ki, Cənubi Koreyanın zirehli texnika istehsalçısı olan “Hanwha Defense” özünün K9 “Thunder” özüyeriyən artilleriya qurğularının (ÖAQ) Rumıniya Ordusuna tədarükü üzrə tenderin qalibi olub. Son mərhələdən sonra Rumıniyanın Müdafiə Nazirliyi tenderin qalibini elan edib. Rumıniya Quru Qoşunları üçün alınacaq 54 ədəd ÖAQ Cənubi Koreyanın K9 “Thunder” özüyeriyən qurğularıdır.
Əhəd Vahidoğlu