HAVELSAN Malayziyaya “Hezarfen” paraşüt simulyatorları tədarük edəcək

HAVELSAN Malayziyaya “Hezarfen” paraşüt simulyatorları tədarük edəcək

Malayziya Silahlı Qüvvələri Türkiyənin HAVELSAN şirkəti tərəfindən istehsal edilən “Hezarfen” paraşüt simulyatorları əldə edəcək.

“Poliqon”un məlumatına görə, bununla bağlı Malayziyanın “Widad Business Group” (WBG) şirkəti HAVELSAN şirkəti ilə Malayziyada keçirilən DSA-2022 Asiya Müdafiə Xidmətləri sərgisi və konfransı çərçivəsində Anlaşma Memorandumu imzalayıb.

Sazişə əsasən WBG şirkəti Türkiyənin HAVELSAN şirkətindən Malayziya Silahlı Qüvvələrinin paraşütçülərinin təlim xərclərini əhəmiyyətli dərəcədə azaldacaq 6 ədəd “Hezarfen” paraşüt simulyatoru alacaq. Bununla, HAVELSAN “Hezarfen” paraşüt simulyatorunun ilk ixracını həyata keçirəcək. Qeyd edək ki, “Hezarfen” paraşüt simulyatorları hazırda Türkiyənin komando və xüsusi təyinatlı qüvvələri tərəfindən istifadə edilir.

HAVELSAN şirkətinin mütəxəssislərinin sözlərinə görə, “Hezarfen” paraşüt simulyatorları silahlı qüvvələr ilə yanaşı yanğınsöndürmə və hüquq-mühafizə orqanlarının əməliyyatlarında da istifadə üçün effektlidir.

WBG-nin İdarə heyətinin sədri Tan Sri Muhammad İkmal təlim və simulyasiya texnologiyaları sahəsində HAVELSAN ilə əməkdaşlıq etməkdən və bu sahədə dünyanın ən yaxşı şirkətlərindən birinin təcrübəsini Malayziyaya gətirməkdən məmnun olduğunu bildirib: “Bu, davamlı olacaq əməkdaşlığımızın ilk mərhələsidir”.

HAVELSAN şirkətinin baş direktoru Dr. Mehmet Akif Nacar da Malayziyada hərbi, dövlət və özəl sektorlar üçün müxtəlif layihələri fəal şəkildə izlədiyini və Malayziyanın Kuala Lumpur şəhərində regional ofis qurduqlarını diqqətə çatdırıb: “Malayziya Cənub-Şərqi Asiya regionunda HAVELSAN üçün mühüm mərkəzdir”.

“Hezarfen” paraşüt simulyatoru tullanmadan paraşütün açılmasına və hədəf nöqtəsinə enməsinə qədər real bir təlimdə yaşana biləcək ssenariləri və bütün fövqəladə vəziyyətləri kontrolda saxlayır. Sistem həyati qabiliyyətlərin müxtəlif hava şəraitində real vaxt rejimində inkişafına imkan verir. Paraşüt simulyatoru ilə paraşütçü personalının coğrafi mühit haqqında məlumata sahib olması əməliyyatın uğurunu artır. Üfüqi enişlə başlayan məşqdə paraşütçünün sərbəst düşmə əsnasında edəcəyi manevrləri simsiz sensorlar vasitəsilə aşkar edilir.

Gecə, gündüz, yağış, qar, bir sözlə müxtəlif hava şəraitinin daxil edildiyi simulyasiya ilə paraşütçünün müxtəlif şəraitlərdə müvafiq idarəetmə və prosedurları öyrənməsi mümkündür. Paraşütçülər müxtəlif paraşüt modelləri ilə 30 min fut-a qədər istənilən hündürlükdə məşq edə bilərlər.

parasut3

parasut1

parasut2

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS