
HAVELSAN və KAREL EUROPE şirkətləri arasında Anlaşma Memorandumu imzalanıb
IDEF-2025 sərgisində HAVELSAN və KAREL EUROPE (“Karel” şirkətinin Rumıniyada yerləşən törəməsi) şirkətləri arasında strateji Anlaşma Memorandumu (MoU) imzalanıb.
“Poliqon” xəbər verir ki, bu strateji tərəfdaşlıq hər iki qurumun müdafiə sahəsində qabaqcıl texnologiyalara əsaslanan həllər inkişaf etdirmək öhdəliyini möhkəmləndirir və Rumıniya müdafiə sənayesinin ehtiyaclarını qarşılamaq məqsədilə inteqrasiya olunmuş, yüksək texnologiyalı həllərin təqdim edilməsini hədəfləyir.
İmzalanmış Anlaşma Memorandumu çərçivəsində tərəflər müdafiə və informasiya texnologiyaları sahəsində birgə biznes inkişafı fəaliyyətləri həyata keçirmək və layihələrdə əməli əməkdaşlıq etmək barədə razılığa gəliblər.
HAVELSAN-ın Beynəlxalq Biznesin İnkişafı və Marketinq üzrə vitse-prezidenti Şevket Ünal bildirib ki, ötən il şirkət ilk dəfə olaraq Avropa İttifaqına üzv ölkəyə (Rumıniyaya) e-dənizçilik sahəsində yüksək texnologiyalı məhsullar ixrac edib.
“Rumıniya bazarında davam edən biznes imkanları və ikitərəfli görüşlər yaxın zamanda yeni layihələrin həyata keçirilməsinə səbəb ola bilər. Bu baxımdan biz Rumıniyada yerləşən şirkətlərlə əlaqələri davam etdiririk. Bu şirkətlərdən biri olan KAREL EUROPE ilə imzaladığımız Anlaşma Memorandumu da Rumıniyada hərbi və ya mülki potensial yeni biznes imkanlarının qarşısını aça bilər”, – deyə Şevket Ünal vurğulayıb.
Strateji əməkdaşlıqla bağlı fikirlərini bölüşən “Karel”in Müdafiə Texnologiyaları Qrup rəhbəri Yavuz Bayızın sözlərinə görə, HAVELSAN ilə imzalanan Anlaşma Memorandumu Türkiyə müdafiə sənayesinin yüksək texnologiyalı transformasiya layihələri vasitəsilə Avropada mövcudluğunu genişləndirmək yolunda əhəmiyyətli bir addımdır: “KAREL EUROPE olaraq, “Karel”in hərbi rabitə və elektron sistemlər sahəsindəki mühəndislik gücünü HAVELSAN-ın proqram təminatına əsaslanan həlləri ilə birləşdirərək, Rumıniya müdafiə sənayesi üçün inteqrasiya olunmuş və yüksək əlavə dəyərə malik həllər təqdim etməyi hədəfləyirik. Müdafiə sənayesində sinerji yaradan bu kimi əməkdaşlıqların artaraq davam edəcəyinə ümid edirik”.