HAVELSAN VTS NATO-nun təlimində istifadə edilib
Türkiyənin HAVELSAN şirkəti yerli imkanlarla hazırladığı HAVELSAN gəmi hərəkəti xidmətləri (VTS) proqramı bütün gəmi hərəkətlərini izləmək, təşkil etmək və idarə etmək kimi missiyaları yerinə yetirir.
HAVELSAN-dan “Poliqon”a verilən məlumata görə, yeni VTS proqramı ilk dəfə NATO-nun dəniz təhlükəsizliyi təlimində uğurla istifadə edilib.
NATO Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzi təlim tarixində ilk dəfə olaraq özəl kosmos əsaslı yer müşahidə şirkətləri tərəfindən əldə edilən peyk görüntülərinin HAVELSAN VTS-ə ötürüldüyünü və sistemdə nümayiş etdirildiyini açıqlayıb.
Təlimdə iştirak edən bir şirkət tərəfindən əldə edilən canlı AIS (avtomatik identifikasiya sistemi) izləri də HAVELSAN VTS-ə inteqrasiya edilərək nümayiş etdirilib.
NATO dəniz təhlükəsizliyi təliminin ilk iki günündə “HAVELSAN Diyalog” video konfrans sistemi vasitəsilə Türkiyə xaricində iştirakçılara akademik təqdimatlar nümayiş etdirilib.
Şirkət mütəxəssislərinin sözlərinə görə, “HAVELSAN Diyalog” istifadəçi məlumatlarının təhlükəsiz saxlanıldığı yerli və milli mənbəli video konfrans sisteminə olan ehtiyacı qarşılamaq üçün hazırlanıb.
HAVELSAN VTS isə veb-əsaslı texnologiyalar vasitəsilə istənilən yerdən fasiləsiz əməliyyat idarə etməyə imkan verir və qabaqcıl texnologiyalarla hazırlanıb. HAVELSAN VTS 90%-i dəniz marşrutları ilə həyata keçirilən qlobal ticarət şəbəkəsində naviqasiya təhlükəsizliyi və logistika əməliyyatının effektiv idarə olunması üçün bütün zəruri funksiyalarla təchiz edilib.
Rizvan Fikrətoğlu