Hərbi ekspert: “Türkiyənin özünün uzun mənzilli milli ZRK-ni yaratması 10-15 il çəkə bilər”
Türkiyə Müdafiə Sənayesi İcra Komitəsi bu günlərdə Çindən uzun mənzilli hava hücumundan müdafiə sisteminin satın alınmasına dair 4 milyard dollarlıq tenderin nəticələrini ləğv edib. “AzeriDefence”nin məlumatına görə, tenderin nəticələrinin ləğv edilməsinə Türkiyə tərəfi müxtəlif səbəblər göstərir.
Hava hücumundan müdafiə sahəsi üzrə ekspert Vüqar Miraslanov “AzeriDefence”yə açıqlamasında, qeyd edib ki, Türkiyə Silahlı Qüvvələri NATO sisteminə aid olduğundan, onun standartları əsasında silahlanmalıdır: “Əgər hansısa kasıb NATO ölkəsinin buna maddi imkanı çatmırsa, onu kreditləşdirib, alyansın tələb olunan yüksək döyüş qabiliyyəti standartlarına uyğun silah sistemləri almasına kömək edirlər. Əvvəllər Türkiyə də bu yolla gedirdi. Kasıb dövlət olsa da, çoxmilyardlı kreditler götürərək, yüksək döyüş qabiliyyətli olmasa da, alyansın zəruri standartlarının tələblərinə cavab verən silah sistemləri alırdı. Lakin son zamanlar bu ölkənin artan sənaye imkanları, ordunun maliyyələşdirilmə və planlaşdırılma strukturlarının mahiyyət etibarı ilə yenidən qurulması imkan verir ki, bəzi silah sistemlərinin istehsalını yerli sənayedə həyata keçirsinlər. Ola bilsin ki, bu silahların istehsalı üçün maliyyə vəsaitinə qənaət olunmayacaq. Amma dövlət bu yolla bir neçə problemi həll etməyə çalışır. Ölkəyə yeni texnologiyalar gətirilir, vətəndaşlar üçün yenı iş yerləri açılır, dövlət büdcəsinin vəsaiti yerli sənayenin investisiyalaşdırılmasına sərf olunur, yeni vergi mənbələri yaradılır. Silah ixrac edənlərin siyası şərtlərdən azad olmaq imkanı yaranır. Ehtiyat hissələrin ölkə daxili mənbəyi yaradılır ki, bu da təhlükəsizlik baxımından hər bir ordu üçün vacibdir”.
V. Miraslanovun sözlərinə görə, qeyd olunan kontekstdə Türkiyənin “Milgem”, “Altay”, T-129 ATAK proqramları miqyaslı qərarlardır. Türk hərbi sənayə kompleksi öz inkşafını tək bu proqramlarla məhdudlaşdırmır. Ordunun və vacib mülki obyektlerin hava hücumundan müdafiyə proqramları hazırlanıb və şərti olaraq T-LALADMIS (Turkish Low Altitude Air Defence Missile System), T-MALADMIS (Turkish Medium Altitude Air Defence Missile System) və T-LORADMIS (Turkish Long-Range Air And Missile Defense Systems) adlandırılıb. İlk iki proqramın həyata keçirilməsi ölkənin öz qüvvələri hesabına yüksək sürətlə irəliləyir: “Artıq yaxın mənzilli ZRK “Hisar-A” ve orta menzilli ZRK “Hisar-O” ordu sınaqları səviyyəsinə çatıb. 2016-cı ildə birinci, 2017/18-ci illərdə ikinci sistem orduya verilməlidir. Uzaq mənzilli T-LORADMIS proqramının icrası başqa yolla gedir. Bu sistem hərbi təyyarlərdən, qanadlı raketlərdən, operativ-taktiki ballistik raketlərdən müdafiyə ilə yanaşı, orta mənzilli və hətta müəyyən şərtlər daxilində uzaq mənzilli ballistik raketlərdən müdafiə funksiyalarını da yerinə yetirməyi bacarmalıdır. Belə sistemin yaradılması çox ambisiyalı qərardır”.
Hərbi ekspert qeyd edib ki, hazırda dünyada yalnız beş ölkədə və ya ölkələrarası kooperasiyada belə sistemlər mövcuddur. Bunlar ABŞ istehsalı olan “Patriot” PAK-3 və THAAD sistemləri, dəniz mənzilli “Egida” sistemi üçün unifikasiya olunmuş SM-3 raketləri, ABŞ-ın texniki yardımı ilə İsrailin həyata keçirdiyi XETS antiraket sistemi, Rysiyanın S-400 və tam hazır olmayan S-500 sistemi, Avropanın MEADS konserninin istehsalı olan “Aster-30” universal ZRK və Çinin rusların S-300 kompleksindən kompilyasiya edib, özünün təkmilləşdirdiyi HQ-9 sistemidir.
Hərbi ekspertin sözlərinə görə, Türkiyənin T-LORADMIS proqramı üzrə İsrail istisna olmaqla bu ölkələr arasında tender elan olunmuşdu. İsrailin bu tenderdə iştirak etməməsi ekspertin fikrincə siyasi yox, hüquqi əsas daşıyır. ABŞ bu sistemin yaradılmasında kommersiya məqsədi yox, bu ölkəyə açıq-aşkar edilən hədələrdən müdafiyə məqsədi ilə yardım proqramı əsasında iştirak edib: “Yəqin həmin texnologiyanı İsrail tərəfindən kommersiya məqsədilə istifadəsinə imkan verməz. Medianın analizi nəticəsində bu fikir formalaşır. Beləliklə bu tenderin iştirakçıları “Patriot” PAK-3, S-400, “Aster-30” və HQ-9 oldular. Tenderin şərtləri açıq mənbələrdə olmayıb. Amma türk hökumətinin əvvəlki proqramlardakı şərtlərini nəzərə alanda, yəqin etmək olar ki, tələblərdən biri də bu sistemin istehsalının müəyyən bir qisminin türk sənayesində lokallaşmasından ibarət olub. Amerikanlar İsraildən başqa heç bir ölkəyə texnologiya ixrac etməyi sevmirlər. Hətta müttəfiqlərinə belə. Ruslar da heç vaxt belə təşəbbüs göstərməyib. Əsasən də yüksək texnologiyalı silah sistemləri sahəsində. Avropanın hər hansı bir ölkəsi ilə razılığa gəlmək nisbətən asan ola bilərdi. Amma MEADS-in 5 təsisçi dövləti ilə ayrılıqda və kollektiv razılığa gəlmək böyük problemdir. Yəqin bu tələb baxımından Çin daha loyal mövqe tutub. Amma bu tender qurulanda Çinin şübhəli xarakteristikalara malik sisteminin iştirakı mütəxəssislərdə ciddi sual doğururdu. Bunu hətta tenderin başqa iştirakçılarına qarşı təzyiq kimi qiymətləndirirdilər. Bu baxımdan Çin sisteminin tender qalibi olması çoxlarında təəccüb doğurdu. Bu yaxınlarda Türkiyə tenderin qərarını ümumiyyətlə ləğv etdi. Yayılan xəbərlərə görə səbəb Çin sisteminin elektron parametrlərinin NATO standartlarına cavab verməməsi kontraktın baş tutmamasına səbəb olub. Amma bu elə əvvəldən məlum olan bir fakt idi. Məncə, sistemin döyüş parametrlərinin vəd olunan səviyyəyə çatmaması da buna səbəb ola bilər.
İkinci səbəb isə kompleksin modernizasiya imkanlarının məhdud olması müəyyən olunandan sonra yarana bilərdi. Üçüncü səbəb siyasi də ola bilər. Çinin Yaxın Şərqin siyasi həyatına ciddi mudaxiləsi bu kontraktı Türkiyənin stratejı maraqları baxımından təhlükəli edə bilər. Bunlar hələlik fərziyyədir. İnanıram ki, bu yaxınlarda məsələyə aydınlıq gələcək. Ya tenderin məğlub olan iştirakçıları ilə yenidən razılaşmağa cəhd olacaq, ya da ki, Türkiyə az və orta mənzilli raket proqramlarından əldə etdiyi təcrübəni bu proqramda tətbiq etməyə çalışacaq. İkinci yolla getmək üçün təcrübə toplamaqla irəliləyiş təxminən 10-15 il çəkə bilər. Açığı, ölkə sənayesinin bütün optimist göstəricilərinə baxmayaraq, bu sistemi təkbaşına qurmaq potensialı hələlik yoxdur. Amma 10-15 il belə sistem üçün gözel göstəricidir. Əgər Türkiyə sənayesinin inkşaf tempi bu səviyyədə qalarsa, bu həll oluna biləsi problemdir”.