Hərbi İnstitutda şəhidlərin Xatirə kompleksinin açılışı olub – VİDEO

Hərbi İnstitutda şəhidlərin Xatirə kompleksinin açılışı olub – VİDEO

Martın 1-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Heydər Əliyev adına Hərbi İnstitutda olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, nazirliyin rəhbərliyi, hərbi institutun zabit, kursant və professor-müəllim heyəti, həmçinin şəhid ailələrinin iştirakı ilə institutun Vətən müharibəsində şəhid olan hərbi qulluqçularının xatirəsinə ucaldılan Xatirə kompleksinin açılış mərasimi keçirilib.

Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.

Mərasimdə çıxış edən general-polkovnik Z.Həsənov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhəbərliyi ilə Vətən müharibəsində qazanılan Şanlı qələbənin tarixi əhəmiyyətindən danışıb. Şəhidlərin Azərbaycan xalqının qürur mənbəyi olduğunu diqqətə çatdıran nazir onların valideynlərinə Vətənə layiqli övlad yetişdirdiklərinə görə təşəkkürünü bildirib.

Qeyd olunub ki, hərbi institutdan 549 nəfər hərbi qulluqçu Vətən müharibəsində iştirak edib. Onlardan 10 nəfəri qəhrəmancasına şəhid olub, bir nəfər isə dövlət başçısının müvafiq sərəncamına əsasən “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülüb.

Daha sonra şəhidlərin ailə üzvləri çıxış edərək göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürünü bildiriblər. Övladlarının bütün gənc nəslə nümunə olacaq qəhrəmanlıq və şücaətləri, torpaqların işğaldan azad edilməsi ilə Azərbaycan xalqının xoşbəxt gələcəyinə səbəb olmaları ilə hər zaman fəxr etdiklərini bildiriblər.

Açılış mərasimindən sonra müdafiə naziri şəhid ailələri ilə söhbət edib, onların qayğıları ilə maraqlanıb və suallarını cavablandırıb.

Sonda birgə xatirə şəkli çəkdirilib.

Poliqon.az

CATEGORIES