Hərbi qulluqçuların icbari sığortası ilə bağlı Qanuna dəyişiklik ediləcək

Hərbi qulluqçuların icbari sığortası ilə bağlı Qanuna dəyişiklik ediləcək

“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanuna dəyişikliklər ediləcək.

“Poliqon” xəbər verir ki, Qanun layihəsi Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında müzakirə olunub.

“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi Azərbaycan Prezidentinin “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2021-ci il 18 may tarixli Fərmanının 3.1-ci hissəsinin icrasının təmin edilməsi məqsədilə hazırlanıb və hərbi qulluqçuların icbari sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsinə yönəlib.

Layihədə dövlət icbari şəxsi sığortanın prinsipləri, sığortaolunanın, sığortaçının və sığortalının hüquq və vəzifələri, uçotu və sığorta haqlarının hesablanması, sığorta haqlarının ödənilməsi, ödənilməsinə nəzarət və artıq ödənilmiş sığorta haqlarının qaytarılması qaydası, dövlət icbari şəxsi sığortanın aparılması qaydası, sığorta ödənişinin verilməsi və verilməsindən imtina halları, sığorta vəsaitlərinin formalaşma mənbələri, habelə dövlət icbari şəxsi sığortanın həyata keçirilməsinə nəzarət öz əksini tapıb.

Hərbi qulluqçuların həyat və sağlamlığının təminatı ilə bağlı işlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və nazirliyin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu tərəfindən dövlət icbari şəxsi sığortası sahəsində həyata keçirilməsi müsbət hal kimi qiymətləndirilməlidir. Sığorta vəsaitlərinin müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsinin maliyyələşdirilməsinə yönəlməsi, bu kateqoriyadan olan şəxslərin sosial təminatının yaxşılaşdırılmasına şərait yaradacaq, onların rifahının yüksəldilməsinə mühüm addım olacaq.

Mövcud layihə qəbul olunacağı təqdirdə, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanun idarəetmənin təkmilləşdirilməsi və sığortaolunanların dövlət icbari şəxsi sığortasının təmin olunmasının gücləndirilməsinə xidmət edəcək.

Fikir mübadiləsindən sonra yekdil qərarla “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Poliqon.az

CATEGORIES
TAGS