
Həyati təhlükə ilə üzləşən sərhəd pozucuları təxliyə olunub – VİDEO
Dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi, qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən “Poliqon”a verilən məlumata görə, may ayının 25-də saat 22:20-də DSX Sərhəd Qoşunları Komandanlığının “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsi tapşırığını yerinə yetirən sərhəd naryadı tərəfindən dövlət sərhədinin pozulmasına dəlalət edən əlamətlər aşkar olunub.
Sərhəd zastavası dərhal “Silaha” komandasına qaldırılaraq xidməti ərazi qapadılıb, Rusiyanın sərhəd nümayəndəliyi məlumatlandırılıb.
Dövlət sərhədini pozmağa cəhd edərkən Samur çayının təhlükəli relyefi və güclü axınında köməksiz vəziyyətdə qalaraq həyati təhlükə ilə üzləşən sərhəd pozucularının xilas edilməsi məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirilib, sərhədçilərin peşəkar müdaxiləsi nəticəsində onların təxliyəsi mümkün olub.
Saxlanılan şəxslərin Pakistan vətəndaşları – 1975-ci il təvəllüdlü Begüm Raqia, 1991-ci il təvəllüdlü Ahmed Suleyman, 2000-ci il təvəllüdlü Sumera Süleyman Ahmed, 2021-ci il təvəllüdü Suleman Muhammed Sultan, 2022-ci il təvəllüdlü Skender Muhammed Sultan olduğu müəyyənləşdirilib.
Araşdırma tədbirləri nəticəsində saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəldikləri, dövlət sərhədini pozaraq qeyri-qanuni yollarla Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.