Hikmət Hacıyev: Mina hadisələrinə görə Ermənistan məsuliyyət daşıyır
Azərbaycan dünyada mina problemindən ən çox əziyyət çəkən ölkələrdəndir.
“Poliqon” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Ermənistan məqsədli şəkildə, yalnız hərbi təyinatlı deyil, həm də Azərbaycanın bərpa-quruculuq işlərinə xələl gətirmək, onun sürətini azaltmaq, vətəndaşlara maksimum zərər yetirmək məqsədilə minalardan istifadə edib: “Təkcə keçmiş təmas xətti boyunca deyil, hərbi təyinatlı olmayan ərazilərdə minalama işləri aparılıb. Məsələn, qəbiristanlıqlara, evlərə gedən yollarda minaların basdırılması göstərir ki, məqsəd insanların öldürülməsi və mina terror siyasətinin həyata keçirilməsidir”.
Kəlbəcərdə jurnalistlərin minaya düşərək həlak olmalarını xatırladan Hikmət Hacıyev qeyd edib ki, bunun özü Ermənistanın mina terroru siyasətini həyata keçirməsinə nümunədir.
“O yol keçmiş təmas xəttindən qat-qat uzaqda yerləşirdi və həmin ərazi hərbi təyinatlı deyildi. Amma yolun tank əleyhinə minalarla minalanması Ermənistanın niyyətinin nədən ibarət olduğunu göstərir. Ermənistan məqsədyönlü şəkildə mina terroru həyata keçirir. Təqdim olunan xəritələr isə effektiv deyil və real vəziyyəti əks etdirmir. Ona görə də belə hallara görə Ermənistan məsuliyyət daşıyır. Azərbaycanın isə ərazilərin minalardan təmizlənməsi ilə bağlı qəti siyasi iradəsi var. Keçmiş məcburi köçkünlərimizin ləyaqətli və təhlükəsiz şəkildə işğaldan azad olunmuş ərazilərə köçməsi istiqamətində işlər aparılır. Azərbaycan Respublikası bununla yanaşı beynəlxalq miqyasda mina probleminin qaldırılması və bunun müzakirəsi istiqamətində iş aparır”, – deyə Azərbaycan Prezidentinin köməkçisi bildirib.