
Hindistan 39 milyard dollarlıq hərbi satınalmaları təsdiqləyib
Hindistanın Müdafiə Satınalmaları Şurası 3.6 trilyon rupi (39.6 milyard ABŞ dolları) dəyərində hərbi məhsulların və xidmətlərin alınmasını təsdiqləyib.
“Poliqon” xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bu plana əsəsən, Hindistan Hərbi Hava Qüvvələri (HHQ) üçün “Rafale” çoxməqsədli qırıcı təyyarələri, raketlər və AS-HAPS vasitələri satın alınacaq. Qırıcı və raketlərin alınması Hindistan HHQ-nin əməliyyat və uzaq mənzilli zərbə qabiliyyətini artıracaq, ölkənin çəkindiriciliyini gücləndirəcək. Sözügedən qırıcıların əksəriyyəti Hindistanda istehsal olunacaq. AS-HAPS vasitələri isə ISR, elektron kəşfiyyat, telekommunikasiya və hərbi məqsədlər üçün uzaqdan müşahidə və məlumat toplama işlərində istifadə ediləcək.
Hindistan Quru Qoşunları üçün “Vibhav” tank əleyhinə minaları alınacaq, eləcə də ordunun istismarındakı zirehli təmir-təxliyə maşınları, T-72 tankları və BMP-2 piyada döyüş maşınları təmir edilərək xidmət müddətləri uzadılacaq.
Hindistan Hərbi Dəniz Qüvvələri (HDQ) üçün qaz turbinli elektrik güc qurğuları və P-8I dəniz patrul təyyarələri, Sahil Sahil Mühafizəsinin “Dornier” təyyarələri üçün isə elektro-optik və infraqırmızı sistemlər tədarük ediləcək.


