
Hindistan “Arjun M1 Alfa” tankını silahlanmaya qəbul edib
Hindistan Müdafiə Nazirliyi son mərhələdə atış sınaqlarını tamamlayan təkmilləşdirilmiş milli “Arjun M1 Alfa” (Arjun Mark-1 Alfa) tanklarını silahlanmaya qəbul edib.
“Poliqon” “NDTV” nəşrinə istinadən xəbər verir ki, bu, ordunun silahlanmasına 2011-ci ildə verilən “Arjun” tankının yerli zirehli tank istehsalçısı tərəfndən bir neçə yenilik və təkmilləşdirmə əldə etmiş versiyasıdır.
Nəşrin məlumatına görə, Müdafiə Nazirliyi tərəfindən 12 fevral 2021-ci il tarixində imzalanan müqaviləyə əsasında Hindistan Ordusuna 118 ədəd “Arjun M1 Alfa” tankı tədarük ediləcək.
Təkmilləşdirilmiş tank, avtomatik müşayiətetmə sisteminə inteqrasiya edilmiş tuşlayıcının təkmilləşdirilmiş əsas nişangahı ilə təchiz olunub. Nişangahın istehsalçısı qeyd edir ki, artıq həm “Arjun” tankının özü, həm də hədəf hərəkətdə olarkən heyətin onu məhv etməsi daha asan olacaq.
Hərəkətdə olan hədəflərə qarşı atış sınaqları ordunun “Pokhran” poliqonunda həyata keçirilib. Poliqon sınaqları zamanı zirehli tank diviziyasının komandiri briqada generalı Ajit Singh Ghelot və digər yüksək səviyyəli zabitlər iştirak ediblər.
Briqada generalı Ghelot bildirib ki: “Tank yüksək səviyyədə idarəolunma qabiliyyəti və səhra şəraitində atəş açarkən yüksək imkanlar nümayiş etdirib. Modernləşdirilmiş “Arjun Mark-1 ALFA” tankı Hindistan ordusunun ehtiyaclarını qarşılayır”.
Lakin, atəşin konkret parametrləri (atış anındakı hədəfə qədər olan məsafə, tankın və hədəfin sürəti) bildirilmir. Ümumilikdə, istehsalçı Hindistan Müdafiə Nazirliyinin sifarişi ilə tankın 14 elementini, blokunu və yığımını təkmilləşdirib.
Xatırladaq ki, bir neçə gün əvvəl Hindistan ordusu Çinlə sərhəddə Ladax yüksək dağlıq bölgəsində istifadə edilə bilən yüngül tankların alınmasının lazım olduğunu elan edib. Həmin məlumatda T-72 və T-90 tanklarının yüksək dağ şəraiti üçün çox ağır olduğu bildirilib. Bundan bir müddət əvvəl isə, Hindistan tərəfi T-72 və T-90 tanklarının atəş məsafəsi və zirehdəlmə qabiliyyəti də daxil olmaqla bir çox cəhətdən Çin istehsalı Type 15 “dağ” tankından üstün olduğunu qeyd edib.
Tankın “Arjun Mark-1 ALFA” təkmilləşdirilmiş versiyası Arjun baza versiyasından uzaqdan idarə olunan döyüş modulu, hədəfi avtomatik müşayiətetmə sistemi, panoramik periskop, lazer məsafəölçən, həm gündüz, həm də gecə hədəfi aşkar və müşayiət etməyə imkan verən sabitləşdirilmiş yeni gecəgörmə sistemləri daxil olmaqla təkmilləşdirilmiş nişangah qurğuları ilə fərqlənir. İstehsalçının məlumatlarına görə, tank topu inteqrasiya olunmuş kompyüterləşdirilmiş atəşi idarəetmə sistemi ilə idarə olunur və bu da hədəfi az mərmi sərf etməklə vurma şansını artırır. Bundan əlavə, tank yüksək güclü generator və real vaxt rejimində məlumat mübadiləsinə imkan verən yeni rabitə sistemi ilə təchiz edilib.
Məlumat üçün bildirək ki, Arjun tankının layihələndirilməsi, keçən əsrin 90-cı illərin etibarən yerinə yetirilir. Əvvəlcə ordu, müxtəlif modifikasiyalardakı olan köhnəlmiş Sovet və Rusiya istehsalı T-72 tanklarını tədricən əvəz etmək üçün iki mindən artıq yeni tankın satın alınmasını planlaşdırırdı. Lakin, 2011-ci ildə Arjun tankının bort avadanlığının və transmissiyasının kifayət qədər etibarlı olmadığı aydın olub. Xüsusilə, tankın termal sistemi, gün ərzində tankın zirehinin günəşdə çox qızması səbəbindən “kor” olurdu. Bu səbəblərdən də tankın təkmilləşdirilməsi ilə bağlı qərar qəbul edilib.
Hal-hazırda Hindistan Ordusunun silahlanmasında 124 ədəd “Arjun Mk I” tankı mövcuddur. Bu tanklar lüləsi irəli olmaqla 10,2 metr uzunluğa, 3,8 metr enə və 2,3 metr hündürlüyə, döyüş vəziyyətində isə 62 ton kütləyə malikdir. Şossedə saatda 70 kilometrə qədər sürətlə hərəkət edə bilir və yanacaq üzrə gediş ehtiyatı 360 kilometrdir. Arjun tankı əsas silah olaraq 120 mm çaplı yivli lüləli tank topu, köməkçi silah olaraq isə qoşalaşdırılmış 7,62 mm və 12,7 mm zenith pulemyotları ilə silahlanıb. Tankın heyəti dörd nəfərdən ibarətdir.
Əhəd Əzizov


