Hindistan Ermənistana “Akash” ZRK-ləri tədarük edir
Hindistan istehsalı olan silah sistemlərinin ən böyük idxalçısına çevrilən Ermənistan bu ölkədən “Akash” zenit-raket kompleksləri (ZRK) alır.
“Poliqon” xəbər verir ki, Ermənistan və Hindistan tərəfləri bunu rəsmi olaraq təsdiqləməsə də, “ICICI Securities” sənədləri “Akash” ZRK-nin tədarükü ilə bağlı sifarişin artıq verildiyini göstərir.
Belə ki, Hindistanın “ICICI Securities” qiymətli kağızlar bülletenində “Akash” ZRK-lərin istehsalını həyata keçirən yerli “Bharat Dynamics Limited” (BDL) şirkətinin sifariş kitabçası haqqında məlumatlar verilib.
Sözügedən sənəddə qeyd olunub ki, BDL rəhbərliyi 2027-ci ilə qədər ixracdan əldə ediləcək gəlirin 25 faiz olacağını və “Akash” ZRK-lər, yüngül torpedalar, SAAW ağıllı aviasiya raketləri, “Konkurs” tank əleyhinə idarəolunan raketlər, habelə CMDS raket əleyhinə lazer sistemi və “hava-hava” tipli “Astra” raketləri üçün əlavə sifarişlərin olacağını gözləyir.
Sənəddə “əlavə sifarişlər gözlənilir” ifadəsi Hindistanın BDL şirkətinin artıq “Akash” ZRK-lər üçün ixrac sifarişləri aldığını göstərir.
Qeyd edək ki, Ermənistan 2022-ci ilin oktyabr ayından Hindistanın “Akash” ZRK-ləri ilə maraqlanır. Cari ilin avqust ayında Ermənistan, Hindistan və digər xarici KİV-lərdə rəsmi İrəvanın Nyu-Dehli ilə “Akash”ların tədarükünə dair müqavilə imzalandığı xəbərləri dərc olunmuş, ancaq bu iddia rəsmilər tərifəndən təsdiqlənməmişdi.
BDL şirkəti tərəfindən istehsal edilən “Akash” orta mənzilli ZRK 30 km-ə qədər məsafədə və 18 km-ə qədər hündürlükdə uçan hədəfləri vurmaq üçün təyin edilib. Raketin çəkisi 720 kq, uzunluğu 5820 mm, diametri 350 mm, döyüş başlığının çəkisi 60 kq-dır. Kompleks Hindistanın DRDO (Defence Research and Development Organization) dövlət təşkilatı tərəfindən hazırlanıb. Buraya BDL tərəfindən inkişaf və istehsal edilən raketlər və radarlar, “Larsen & Toubro” və “Tata Power SED” özəl şirkətlərinin tırtıllı və təkərli şassiləri daxildir.
Onu da qeyd edək ki, “Akash” ZRK 2015-ci ilin iyul ayından Hindistan Hərbi Hava Qüvvələrinin (HHQ) silahlanmasındadır və istismarda olan Sovet istehsalı köhnə S-125M “Peçora-M”, 9K33 “Osa” və 9K38 “İqla” hava hücumundan müdafiə sistemlərini əvəz edir.