Hindistan Ordusu böyük miqdarda TƏİR alır

Hindistan Ordusu böyük miqdarda TƏİR alır

Hindistan Müdafiə Nazirliyi yerli “Bharat Dynamics Limited” (BDL) şirkəti ilə 4960 ədəd “Milan-2T” tank əleyhinə idarə olunan raketlərin (TƏİR) satın alınması barədə müqavilə imzalayıb.

“Poliqon” xəbər verir ki, “Defense Word” portalının məlumatına əsasən, müqavilənin dəyəri 16,375 milyon ABŞ dolları təşkil edir.

Hindistan Müdafiə Nazirliyinim məlumatına görə, imzalanmış müqavilə hökumətin “Hindistanda istehsal et” təşəbbüsünün inkişaf etdirilməsinə xidmət edir. Bu müqavilə ikincidir, belə ki, artıq 2016-cı ilin mart ayında analoji müqavilə imzalanıb. Yeni müqavilənin icra müddəti 3 ildir.

Aktiv zirehə qarşı mübarizə vasitəsi kimi hazırlanmış “Milan-2T” TƏİR tandem döyüş başlığına sahibdir. Kompleksin kütləsi 37,2 kq, TƏİR-in kütləsi 6,6 kq, atış məsafəsi 1850 metr təşkil edir.

Raketlər, nəqliyyat vasitələri də daxil olmaqla, müxtəlif platformalarda yerləşdirilə bilirlər. Onlardan həm hücum, həm də müdafiə məqsədi ilə istifadə edilir.

Qeyd edək ki, Hindistanın BDL şirkəti “Milan-2T” raketlərini Avropada fəaliyyət göstərən MBDL şirkətinin lisenziyası əsasında istehsal edir.

Əhəd Əzizov

CATEGORIES
TAGS