Hindistan Ordusu tank parkını yeniləyir

Hindistan Ordusu tank parkını yeniləyir

Hindistan Ordusu tank parkını əhəmiyyətli dərəcədə yeniləyərək 2030-cu ilə qədər yeni əsas döyüş tanklarını istismara verməyi planlaşdırır.

“Poliqon” “Army Recognition”a istinadən xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyi 1700 ədəd yeni əsas döyüş tankını satınalma planı çərçivəsində Məlumat Sorğusunu dərc edib.

Hindistanlı hərbi mütəxəssislər yeni tanklar üçün çox yüksək tələblər irəli sürüblər. Belə ki, yeni tanklar bütün növ yerüstü texnikaları, həmçinin pilotsuz uçuş aparatlarını və helikopterləri vurmalıdırlar. Eyni zamanda, yeni nəsil döyüş maşınlarının dağlıq bölgələrdə və səhrada döyüş tapşırıqlarını yerinə yetirə biləcəyi gözlənilir. Həm də tələblər süni intellekt, gizli, şəbəkə mərkəzli mühitdə işləmək bacarığı və radioelektron mübarizə imkanı kimi yeni müasir texnologiyaları nəzərdə tutur.

Alınacaq bu tanklar, Hindistan Ordusunun silahlanmasında duran və “Ajeya” adı altında lisenziya əsasında istehsal olunan köhnəlmiş T-72 tanklarını əvəz etməlidir.

Qeyd edək ki, Hindistan artıq 2017-ci ildə 1700 ədəd əsas döyüş tankı üçün Məlumat Sorğusu elan edib, lakin ehtimal olunur ki, müasir tələblər ortaya çıxdığı üçün Future Ready Combat Vehicle (FRCV) proqramı bəzi dəyişikliklərə məruz qalıb. Bundan əlavə, bir ay əvvəl Hindistan Ordusu kütləsi 25 tona qədər olan 350 ədəd yüngül tank üçün Məlumat Sorğusu yayımlayıb.

Xatırladaq ki, Hindistan Ordusu, əksəriyyəti Sovet və Rusiya istehsalı T-72 və T-90 tanklarının modifikasiyaları olan təxminən 3700 ədəd əsas döyüş tankı ilə silahlanıb. Önümüzdəki on il ərzində T-72 tanklarının texniki ehtiyatları tükənəcək və onlar istismardan çıxarılacaq. Bundan əvvəl Hindistan dövlət Müdafiə Tədqiqatları və İnkişafları Təşkilatı (DRDO) yerli əsas döyüş tankı yaratmaq üçün üç cəhd göstərib, lakin onların hamısı uğursuz olub. Yerli tankların alınması yalnız kiçik partiyalarla məhdudlaşıb.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS