Hindistan Su-30MKI qırıcılarını saxlamaqda çətinlik çəkir

Hindistan Su-30MKI qırıcılarını saxlamaqda çətinlik çəkir

Hindistan Hərbi Hava Qüvvələri (HHQ) aviasiya parkında yer alan və Rusiya istehsalı olan 260 ədəd Su-30MKI döyüş təyyarəsini saxlamaqda böyük çətinliklərlə üzləşib.

“Polqion” “Indian Defence Research Wing” nəşrinə istinadən xəbər verir ki, buna səbəb 2022-ci ilin fevralından indiyə kimi davam edən Rusiya-Ukrayna müharibəsi və Qərb dövlətlərinin Rusiyaya tətbiq etdiyi sanksiyalardır.

Nəşr bildirib ki, həmin sanksiyalar mühüm ehtiyat hissələrin və sistemlərin təmin olunması ilə bağlı ənənəvi təchizat zəncirini pozaraq, Hindistan HHQ-ni mövcud vəziyyətə uyğunlaşmağa və yenilik etməyə məcbur edib. Hindistan HHQ-nin keçmişdə həyata keçirdiyi uzun müddət üçün əlavə ehtiyat hissələrin saxlanılması siyasəti onlara bu dövr ərzində qırıcıları istifadəyə hazır vəziyyətdə tutmağa köməklik göstərib. Bu yanaşma tədarük zəncirinin pozulmasına baxmayaraq, Hindistan HHQ-yə əməliyyat hazırlığını saxlamaq üçün lazım olan əsas ehtiyat hissələri təmin edib.

Hazırda Hindistan Hərbi Hava Qüvvələri vacib ehtiyat hissələrin böyük bir qisminin təmin olunması üçün dövlətə məxsus “Hindustan Aeronautics Limited” (HAL) şirkətinə etibar edir. “Hindustan Aeronautics Limited” şirkəti tərəfindən həyata keçirilən bu layihə ilə ilkin mərhələdə 84 ədəd Su-30MKI döyüş təyyarəsinin təkmilləşdirilməsi və qırıcılardakı yerlilik nisbətinin 78 faizə yüksəldilməsi planlaşdırılır. Lakin bütün bunlara baxmayaraq, bəzi komponentlər hələ də Rusiyadan birbaşa satınalma tələb edir.

Sözügedən layihə çərçivəsində Su-30MKI qırıcıları Hindistanın müdafiə sənayesi şirkətləri tərəfindən istehsal edilən AESA radarı, avionika, elektron müharibə və silah sistemləri ilə təchiz olunacaq.

CATEGORIES
TAGS