Hindistan T-72 tanklarını modernləşdirməyi və satmağı planlaşdırır
Hindistan daha sonra Afrika, Yaxın Şərq və Asiya-Sakit okean regionuna ixrac etmək məqsədi ilə köhnə T-72 tankları parkının geniş miqyaslı modernləşdirilməsinə hazırlaşır.
“Poliqon” “Indian Defenсe News” (IDN) nəşrinə istinadən xəbər verir ki, Hindistan Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi 1970-ci illərdən Hindistan ordusunun əsas döyüş tankı kimi xidmət edən bu texnikaların modernləşdirilməsi planlarını açıqlayıb.
Modernləşdirmə Hindistan müdafiə istehsalçıları ilə Rusiya texnologiya təchizatçıları arasında birgə səyləri əhatə edəcək. Bu tərəfdaşlıq Hindistanın yerli istehsal imkanlarını artırarkən Rusiya ilə müdafiə əlaqələrini davam etdirməyə çalışdığı daha geniş tendensiyanın bir hissəsidir.
Modernləşdirmə işləri əvvəllər Hindistan silahlı qüvvələri üçün T-72/90 tanklarının istehsal edildiyi Avadidəki “Ağır maşınlar zavodu”nda (“Heavy Vehicle Factory” – HVF) aparılacaq. Bu zavod yüksək keyfiyyətli modernləşdirmı işləri aparmaq üçün lazımi gücə və təcrübəyə malikdir.
HVF Hindistanın Tamil Nadu əyalətindəki Çennayi yaxınlığındakı Avadidə yerləşən zirehli maşın və döyüş tankı istehsalı zavodudur. O, Hindistan Hökumətinin Müdafiə Nazirliyinin “Armoured Vehicles Nigam Limited” (AVANI) təşkilatı tərəfindən idarə olunur. Hindistanda T-72 tanklarının istehsalı 1980-ci illərdə başlamış, 500 tank isə birbaşa Sovet İttifaqından alınmışdır. 2000-ci illərdə həmin zavod modernləşdirilmiş T-90 tankları da istehsal edirdi. İndi bu obyektdə T-72 tanklarının ixrac üçün modernləşdirilməsi planlaşdırılır.
Bildirilir ki, modernləşdirmə çərçivəsində Hindistanın T-72 tankları təkmilləşdirilmiş atəşi idarəetmə sistemləri, gücləndirilmiş zirehlər və artan hərəkətlilik əldə edəcək ki, bu da tankı müasir şəraitdə döyüş üçün daha əlverişli edəcək.
Tankların satışının məqsədinin Hindistanın qlobal müdafiə bazarına girməsi və qazanc əldə etməsi olduğu bildirilir. Açıq mənbələrin məlumatına görə, ümumilikdə Hindistan Ordusunda 2500-ə yaxın T-72 tankı var. Dehli onları 1970-ci illərdən istismar etməyə başlayıb. Daha yeni modellərə keçidlə ölkə hakimiyyəti onların satışından gəlir əldə etmək imkanı görür.
125 mm-lik top, zenit və qoşalaşdırılmış pulemyotlarla təchiz edilmiş T-72 tankları onilliklər ərzində Hindistan Ordusuna sədaqətlə xidmət edib. Davamlı modernləşdirmə ilə bu tanklar yeni “səyahət”ə çıxmağa hazırdırlar. T-72 tankı şossedə 60 km/saat, yolsuzluq şəraitində isə 35 km/saat sürət yığa bilir. O, həmçinin dərinliyi 1,2 metrə qədər olan su maneələrini keçə bilir.
Yaşına baxmayaraq, T-72 tankları hələ də dünyanın ən etibarlılarından biri hesab olunur və onlara tələbat yüksək olaraq qalır. Artıq Afrika, Yaxın Şərq və Asiya ölkələri onlara maraq göstərib. Hindistan və Rusiya texniki ekspertləri Hindistan Silahlı Qüvvələrinin silahlanmasından çıxarılan maşınlarını yenidən istismara daxil etmək üçün çalışırlar.
Bu arada Rusiya mətbuatı yazır ki, “Rusiya üçün bu ideyada əsas məqam modernləşdirilmiş T-72 tanklarının Ukrayna ərazisinə daxil olmamasını və Ukrayna Silahlı Qüvvələrinin sərəncamına verilməməsinə nəzarət etməkdir. Eyni zamanda, rus ordusunun yeni bölmələrinin modernləşdirilmiş T-72 tankları ilə doldurulması çox vacib olardı”.
Əhəd Vahidoğlu